Bir ekosistemi ilə Xəzər Universiteti arasında tələbələrin
inkişafına dəstək vermək, onları əmək bazarına hazırlamaq və universitet-biznes
əməkdaşlığını gücləndirmək məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində tələbələr üçün təcrübə proqramları,
mentorluq dəstəyi və peşəkar inkişaf təlimləri həyata keçiriləcək. Bununla da
tələbələr universitetdə qazandıqları bilikləri real iş mühitində tətbiq etmək,
iş dünyasını daha yaxından tanımaq və gələcək karyeralarına daha hazırlıqlı
başlamaq imkanı əldə edəcəklər.
Tədbirdə Bir ekosisteminin rəsmi nümayəndəsi Fərid
Hidayətzadə əmək bazarının ehtiyaclarına cavab verən peşəkarların
hazırlanmasında universitetlə biznes arasında davamlı əməkdaşlığın vacib
olduğunu vurğulayıb. “Biz inanırıq ki, yaxşı mütəxəssis auditoriyada
formalaşmağa başlayır, iş həyatında isə inkişaf edir. Ona görə də biz ali
məktəblərlə əməkdaşlığı təcrübə proqramı kimi yox, gələcəyin peşəkarlarına
yatırım olaraq dəyərləndiririk. Hazırda Bir ekosistemində Xəzər Universitetinin
48 məzunu çalışır, onların 14-ü rəhbər vəzifələrdə fəaliyyət göstərir. Bu
statistika universitetdə formalaşan potensialın ən yaxşı göstəricilərindən
biridir. İnanıram ki, əməkdaşlığımız daha çox potensiallı gənci əmək bazarına
qazandıracaq”.
Xəzər Universitetinin rektoru Raziyə İsayeva isə bildirib
ki, bu gün tələbələr üçün nəzəri bilik qədər real iş təcrübəsi də vacibdir. O
qeyd edib ki, universitetlə biznes arasında qurulan əməkdaşlıqlar gənclərin iş
dünyasını daha yaxından tanımasına, gələcək karyera seçimlərini daha inamla
etməsinə və öz potensialını daha rahat reallaşdırmasına imkan yaradır. Rektor
Bir ekosistemi ilə əməkdaşlığın tələbələr üçün yeni inkişaf və karyera
imkanları açacağına əminliyini ifadə edib.
Qeyd edək ki, Bir ekosistemi gənclərin peşəkar inkişafına
yönələn layihələri davamlı olaraq həyata keçirir. Hazırda ekosistem bu
istiqamətdə 14 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir və bu günədək 2700-dən
çox tələbə müxtəlif təcrübə proqramlarında iştirak edib. Məqsəd gənclərin real
iş mühitini daha yaxından tanımasına, praktik təcrübə qazanmasına və gələcək
karyeralarına daha hazırlıqlı başlamasına imkan yaratmaqdır.
Bir Azərbaycanda fərdi və korporativ
müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən,
Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı
brendlərini – Birbank rəqəmsal mobil bankçılıq tətbiqi, Birmarket e-ticarət
platforması, Milliön ödəniş terminalları və m10 rəqəmsal pul kisəsini özündə
birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem hazırda 5 milyondan
çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də Trendyol
Azərbaycan və BakıKartla qurulmuş strateji tərəfdaşlıqlar sayəsində Bir,
Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: bir.az