Ölkənin aparıcı maliyyə təşkilatlarından
biri olan TuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi
istiqamətində növbəti məhsulunu təqdim edib. Bank, cari ilin aprel ayında
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq
müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli
kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb.
Aprel ayında uğurla tamamlanan
hüquqi və institusional hazırlıq prosesindən sonra, bank artıq bu maliyyə
mexanizmini tam funksional şəkildə fərdi və korporativ müştərilərinin
ixtiyarına verir. Sözügedən kreditlər ölkədə enerji resurslarından səmərəli
istifadə edilməsini təşviq etmək, müasir enerjiyə qənaət edən texnologiyaların
tətbiqini genişləndirmək və ekoloji cəhətdən təmiz yaşıl layihələri birbaşa dəstəkləmək
məqsədi daşıyır.
Bu addımla TuranBank öz müştərilərinə
həm biznes fəaliyyətlərində, həm də fərdi təsərrüfatlarında enerji xərclərini
minimuma endirmək və resurs effektivliyini artırmaq üçün əlverişli maliyyələşmə
imkanı yaradır. Güzəştli kredit şərtləri fərdi sahibkarların, kiçik və orta
biznes subyektlərinin (KOB), eləcə də enerjiyə qənaət texnologiyalarından
yararlanmaq istəyən fiziki şəxslərin real tələblərinə uyğun olaraq
optimallaşdırılmışdır.
Aprel ayında təməli qoyulmuş bu tərəfdaşlıq
ölkə iqtisadiyyatının dayanıqlı prinsiplərlə inkişafına, ekoloji mühitin
qorunmasına və həmçinin milli enerji effektivliyi strategiyasının uğurla icra
olunmasına birbaşa xidmət edir. Bu layihənin müştərilərə təqdim edilməsi bankın
ekoloji və sosial məsuliyyət missiyasının, eləcə də yaşıl bankçılıq fəaliyyətinin
real nəticəsidir.
Qeyd edək ki, Enerji
effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart
2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını
Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan
Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika
Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.
1992-ci
ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və
korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı
ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə
edə bilərsiniz.
TuranBank
Bizimlə etibarlıdır…