AccessBank Niderlandın sahibkarlığın inkişafı bankı olan FMO ilə $75 mln məbləğində, 4 il müddətinə nəzərdə tutulmuş multivalyutalı kredit xətti üzrə kredit sazişi imzalayıb. Kredit xətti $40 mln həcmində təsdiqlənmiş və $35 mln həcmində əlavə tranşdan ibarətdir.
Cəlb olunan vəsait Azərbaycanda
aqrar sektorda fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin, qadın
sahibkarların, gənc sahibkarların, eləcə də mikro, kiçik və orta sahibkarlıq
(KOS) subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinə
yönəldiləcək. Bu əməkdaşlıq maliyyə inklüzivliyinin artırılmasına və özəl
sektorun dayanıqlı inkişafına töhfə verəcək.
"Güclü
və inklüziv maliyyə sektoru özəl sektorun dayanıqlı inkişafı üçün əsas
şərtlərdən biridir. AccessBank ilə tərəfdaşlığımız vasitəsilə sahibkarların
investisiya qoyması, innovasiyalar tətbiq etməsi və yeni iş yerləri yaratması
üçün mühüm əhəmiyyət daşıyan maliyyə infrastrukturunun gücləndirilməsinə dəstək
oluruq. Bu saziş FMO-nun 2030 Strategiyasına uyğundur və uzunmüddətli iqtisadi
artımı dəstəkləyən dayanıqlı yerli bazarların inkişafına xidmət edir" - bunu FMO-nun Maliyyə İnstitutları üzrə
direktoru Frouke Hoekstra bildirib.
Yeni kredit xətti AccessBank-ın
dayanıqlı iqtisadi inkişafın dəstəklənməsi və maliyyə resurslarına çıxış
imkanlarının genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasına uyğundur.
Bu vəsait Banka iqtisadiyyatın prioritet sahələrində kredit portfelini daha da
genişləndirməyə və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına
əlavə dəstək göstərməyə imkan verəcək.
AccessBank
haqqında
AccessBank Azərbaycanda mikro, kiçik
və orta sahibkarlıq subyektlərinə (KOS) maliyyə xidmətləri göstərən aparıcı
banklardan biridir. 2002-ci ildə fəaliyyətə başladığı gündən etibarən Bank
maliyyə resurslarına çıxışın genişləndirilməsi və özəl sektorun dayanıqlı
inkişafının dəstəklənməsini əsas fəaliyyət istiqamətlərindən biri kimi müəyyən
edib. AccessBank-ın səhmdarları sırasında Asiya İnkişaf Bankı (ADB), Avropa
İnvestisiya Bankı (EIB), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), eləcə də digər
nüfuzlu beynəlxalq maliyyə institutları və investisiya fondları yer alır.
Ətraflı məlumat üçün: www.accessbank.az
FMO
haqqında
FMO Niderlandın sahibkarlığın
inkişafı bankıdır. Təsir yönümlü aparıcı investor kimi FMO inkişaf etməkdə olan
ölkələrdə və formalaşmaqda olan bazarlarda özəl sektorun dayanıqlı inkişafını
perspektivli layihələrə və sahibkarlara investisiya yatırmaqla dəstəkləyir. FMO
hesab edir ki, güclü özəl sektor iqtisadi və sosial inkişafın əsas
hərəkətverici qüvvəsidir. Bank 55 ildən artıqdır ki, sahibkarları dəstəkləyərək
yerli iqtisadiyyatların daha inklüziv, məhsuldar, dayanıqlı və davamlı olmasına
töhfə verir. FMO fəaliyyətini yüksək inkişaf potensialına malik üç əsas
istiqamət üzrə cəmləşdirir: aqrobiznes, ərzaq və meşə təsərrüfatı, energetika,
eləcə də maliyyə institutları.FMO-nun ümumi investisiya portfeli təxminən 15,3
milyard avro təşkil edir və 85-dən çox ölkəni əhatə edir. Bu göstərici FMO-nu
dünyada özəl sektorun inkişafını dəstəkləyən ən böyük ikitərəfli inkişaf
banklarından birinə çevirir.
Ətraflı məlumat üçün: www.fmo.nl