Bank Respublika-nın və AccessBank-ın
səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin
alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin
2026-cı ilin noyabr ayınadək tamamlanması planlaşdırılır. Əqd çərçivəsində
AccessBank-ın mövcud səhmdarları Bank Respublikanın nizamnamə kapitalının
ümumilikdə 25 faizini təşkil edən, yeni buraxılacaq imtiyazlı səhmləri əldə
edərək Bank Respublikanın səhmdarlarına çevriləcəklər.
Səhmlərin satın alınması başa
çatdıqdan sonra Bank Respublika və AccessBank ilkin mərhələdə ayrı-ayrı banklar
kimi fəaliyyətlərini davam etdirəcəklər. Onların sonradan vahid bankda
birləşdirilməsi müvafiq tənzimləyici tələblərə uyğun həyata keçiriləcək. Hər
iki bank dayanıqlığı ilə seçilən ölkənin aparıcı banklarındandır.
Planlaşdırılan birləşmə səhmdarların bankların gələcək böyüməsini və inkişafını
dəstəkləmək məqsədilə qəbul etdikləri birgə biznes qərarını əks etdirir.
Bank Respublika və AccessBank oxşar
korporativ mədəniyyətə və biznes modellərinə malikdirlər. Hər iki bank
Azərbaycanın bütün bölgələrində mikro, kiçik və orta sahibkarlara dəstək
göstərilməsinə xüsusi diqqət yetirir. Bu əqd nəticəsində daha geniş fəaliyyət
miqyasına, daha güclü maliyyə imkanlarına və daha möhkəm bazar mövqeyinə malik,
müştərilərinə daha geniş imkanlar təqdim edən maliyyə institutu formalaşacaq.
Birləşmiş bankın cəmi aktivləri 4,5 milyard manata, kredit portfeli isə 3,3
milyard manata çatacaq.
Bank
Respublika-nın Müşahidə Şurasının sədri Şakir Rəhimov bildirib:
“Bu əqd Bank Respublika-nın
inkişafında yeni və mühüm mərhələnin başlanğıcı olmaqla yanaşı, Prezident İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya
mühitini, eləcə də onun sahibkarlığa və özəl sektorun inkişafına göstərdiyi
güclü və ardıcıl dəstəyi əks etdirir.
Bu mühüm mərhələyə aparan uzun və
mürəkkəb proses boyunca göstərdiyi davamlı dəstəyə və konstruktiv əməkdaşlığa
görə Azərbaycan Respublikasının Mərkəzi Bankına da dərin minnətdarlığımızı
bildiririk.
Beynəlxalq maliyyə institutları uzun
illərdir ki, Bank Respublikanın mühüm tərəfdaşlarıdır və maliyyələşdirmə,
ekspert dəstəyi və sıx əməkdaşlıq vasitəsilə inkişafımıza töhfə verirlər.
İnkişafımızın növbəti mərhələsində aparıcı beynəlxalq maliyyə institutlarının
Bank Respublikanın səhmdarlarına çevrilməsi və bununla da uzunmüddətli
münasibətlərimizin yeni tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bizi xüsusilə məmnun
edir.”
AccessBank-ın Müşahidə Şurasının sədri Oleq İvaniyçuk
bildirib:
“Hələ 2018–2019-cu illərdə
AccessBank-ın beynəlxalq institusional kreditorları Bankın uğurlu
restrukturizasiyası və yenidən kapitallaşdırılması üçün səylərini
birləşdirmişdilər. Asiya İnkişaf Bankının (ADB) və responsAbility-nin
rəhbərliyi ilə həyata keçirilən restrukturizasiya nəticəsində institusional
kreditorlar Bankın yeni səhmdarlarına çevrilmiş, Bankın korporativ idarəetməsi
gücləndirilmiş, fəaliyyətinin hərtərəfli yenidən təşkili və təkmilləşdirilməsi
dəstəklənmişdir.
Həmin dövrdən etibarən AccessBank
Azərbaycanın bank sektorunun inkişafına, eləcə də ölkə üzrə sahibkarların və
müəssisələrin maliyyələşdirilməsinə mühüm töhfə verən, yüksək nəticələr
göstərən, güclü və səmərəli idarə olunan maliyyə institutuna çevrilmişdir.
Bu gün həmin inkişaf yolunda növbəti
mühüm mərhələyə qədəm qoyuruq. Azərbaycanda özəl sektorun və maliyyə sektorunun
inkişafına uzunmüddətli sadiqliyini qoruyaraq, AccessBank-ın beynəlxalq
səhmdarları Bankın inkişafının növbəti mərhələsini ölkənin aparıcı maliyyə
institutlarından biri olan Bank Respublikaya etibar edirlər. Bir-birini
tamamlayan iki güclü bankın birləşdirilməsi gələcək artım, fəaliyyət miqyasının
genişlənməsi və Azərbaycan iqtisadiyyatına daha böyük töhfə verilməsi üçün
möhkəm zəmin yaradır.
Bu mühüm mərhələyə çatmaq AccessBank və onun səhmdarlarının, Bank Respublika və onun səhmdarlarının, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankının ortaq baxışı, qətiyyəti və sıx əməkdaşlığı sayəsində mümkün olmuşdur. Həmçinin, fədakarlıqları və peşəkarlıqları ilə Bankın uğurlu transformasiyasında həlledici rol oynamış AccessBank rəhbərliyinə və əməkdaşlarına səmimi minnətdarlığımı bildirmək istərdim.”
İctimaiyyətə, hər iki bankın
kreditorlarına və digər maraqlı tərəflərə satınalma və birləşmə prosesinin
gedişi barədə mütəmadi məlumat veriləcək.