Türkiyənin Karaman şəhərində minik avtomobilinin dərəyə aşması nəticəsində üç uşaq həlak olub, dörd nəfər xəsarət alıb.
Manset.az Haber Global-a istinadən xəbər verir ki, hadisə şəhərin Kızık kəndində qeydə alınıb.
Məlumata görə, avtomobil körpüdən keçərkən sürücünün idarəetməni itirməsi nəticəsində dərəyə aşıb.
Hadisə yerinə polis, təcili tibbi yardım, yanğınsöndürmə, eləcə də axtarış-xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub. Qəza nəticəsində ailənin üç azyaşlı övladı hadisə yerində həyatını itirib.
Yaralanan şəxslər hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra Karaman Təhsil və Araşdırma Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Həlak olan uşaqların meyitləri prokurorun hadisə yerində apardığı araşdırmadan sonra məhkəmə-tibbi ekspertiza üçün xəstəxananın morquna təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.