Xalq şairi Nəriman Həsənzadə yubileyi münasibətilə evində ziyarət olunub.
Bu barədə Manset.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Fevralın 19-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid, qurumun katibi İlqar Fəhmi Xalq şairi, dramaturq, ictimai xadim Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət ediblər.
Nazir Xalq şairinin zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu, oxucular tərəfindən sevildiyini bildirib, səhnəyə qoyulan əsərlərinin də böyük maraqla qarşılandığını deyib.
Adil Kərimli şairə yubileyi münasibətilə təbriklərini çatdırıb, ona Mədəniyyət Nazirliyinin Fəxri diplomunu təqdim edib.
Xalq şairi Ulu Öndər Heydər Əliyevin adını daşıyan təltifə layiq görülməsindən qürur hissi keçirdiyini deyib.