Türkmənistanda keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində iyunun 6-da Arkadağ Şəhər Tarix və Diyarşünaslıq Muzeyində “Azərbaycan — obyektivdən tarixə” adlı sərgi təqdim olunub.
Manset.az xəbər verir ki, tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, Azərbaycan Milli Məclisinin deputatı Hikmət Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, mədəniyyət, ədəbiyyat və elm xadimləri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov Türkmənistanda Azərbaycan mədəniyyətinin yüksək səviyyədə təqdimatından söz açıb. O, mədəniyyət günlərinin ölkənin həm paytaxt Aşqabadda, həm də Arkadağ şəhərində keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib.
Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov çıxışında iki xalq arasında mədəni əlaqələrin inkişafından, qarşılıqlı mədəniyyət günlərinin əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməsindən danışıb.
Azərbaycan Fotoqraflar Birliyinin sədri Amira Süleyman deyib ki, sərgidə nümayiş olunan fotolarda ölkəmizin müasir memarlığı, azad olunmuş ərazilərimizdədəki tarixi-mədəni irs və bərpa-quruculuq işləri öz əksini tapıb.
Sonra qonaqlar sərgi ilə tanış olublar.