logo
logo logo
logo

Füzuli Şəhəri Günü münasibətilə geniş konsert proqramından FOTOLAR 

22:46 - 17 Oktyabr 2026

Füzuli Şəhəri Günü münasibətilə geniş konsert proqramından FOTOLAR 

Oktyabrın 17-də Füzuli Şəhəri Günü münasibətilə Mədəniyyət Nazirliyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə geniş konsert proqramı keçirilib.


Manset.az xəbər verir ki, Mirzə Uluqbəy adına Füzuli şəhər 1 nömrəli tam orta məktəbin böyük zalında təşkil olunan konsertdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Seyidov çıxış edərək Füzuli sakinlərini bayram münasibətilə təbrik edib. O, işğaldan azad olunmuş digər ərazilər kimi, Füzulinin də sürətlə dirçəldildiyini diqqətə çatdırıb.

Daha sonra səhnə incəsənət nümayəndələrinin ixtiyarına verilib. Konsert proqramında Fikrət Əmirov adına Əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, ansamblın instrumental musiqi heyəti və "Qaya" qrupu çıxış edib.

Konsert Üzeyir Hacıbəylinin “Cəngi” əsəri ilə başlayıb. Ardınca Əli Səliminin “Sizə salam gətirmişəm”, Azərbaycan xalq mahnısı “Ay qız, amandır”, Rübail Əzimovun “Füzuli”, Emin Sabitoğlunun “Gözəldir” və “Ağ çiçəyim”, Oqtay Kazıminin “Qaytar eşqimi”, Arif Səlimovun “Azərbaycan”, Azad Zahidin “Qələbəyə gedən yollar” əsərləri səsləndirilib.

Həmçinin Mikayıl Vəkilovun “Ey Azərbaycanım”, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “İthaf”, Tərlan Məmmədhüseynovun “Vətən”, Azərbaycan xalq mahnısı “Laçın”, Vasif Adıgözəlovun “Mən gəzirəm hər yanı” və “Qarabağ şikəstəsi” zərbi muğamı ifa olunub. Azərbaycan xalq rəqslərindən “Uzundərə”, “Naz eləmə” və “Yallı” rəqs ansamblının ifasında nümayiş etdirilib.

Konsertdə Əməkdar artist Nizami Abdullayev, Könül Tağıyeva, Səbinə Ərəbli, 

Səma Sultanova, Orxan Əlizadə, Yaqut Xəlilzadə, Ağabala Abdullayev, Leyla İbrahimova, Pərviz Fərhadov, Xədicə İsmixanova və Ramiq Bayramov çıxış ediblər.

Ansamblın instrumental musiqi heyətində Əməkdar artistlər Xəyyam Məmmədov (kamança), Çinarə Mütəllibova (qanun), həmçinin Böyükağa Axundov (qarmon), Emin Eminli (tar), Cəfər Həsənov (nağara) və Azad Yusubov (ud) yer alıblar. Konsertin baletmeysteri Əməkdar artist Ceyhun Qubadovdur.

Bayram konserti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az