Azərbaycan diaspor quruculuğu milli kimliyimizin sərhədlərdənkənar davamı kimi xüsusi əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdə yaşayan soydaşlarımız milli-mədəni dəyərlərimizi qorumaqla yanaşı, onları yaşadıqları cəmiyyətlərə tanıtmaq missiyasını da daşıyırlar. Diaspor təşkilatlarımızın əsas məqsədlərindən biri Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və informasiya savaşında fəal iştirak etməkdir. Diaspor quruculuğu təkcə təşkilatlanma deyil, həm də könüllü birlik və milli təəssübkeşlik ruhudur. Müasir dövrdə dünya azərbaycanlılarının həmrəyliyi virtual platformalar və mədəni tədbirlər vasitəsilə daha da güclənir. Hər bir azərbaycanlı, yaşadığı ölkədən asılı olmayaraq, milli maraqları müdafiə etmək məsuliyyətini daşıyır. Azərbaycan dövləti də diaspor nümayəndələrini dəstəkləməklə bu hərəkatın möhkəmlənməsinə şərait yaradır. Bu gün soydaşlarımızı bir araya gətirən ortaq dəyərlər və məqsədlərdir. Diaspor fəaliyyəti yalnız xaricdəki azərbaycanlıların işi deyil, eyni zamanda milli birliyin qlobal güzgüsüdür. Lobbiçilik bacarığı isə Azərbaycanın səsini beynəlxalq qərarverici dairələrə çatdırmaq üçün vacib vasitəyə çevrilib. Gənc nəsil arasında bu sahəyə marağın artması gələcək üçün ümidverici göstəricidir. Azərbaycan diasporu milli mənsubiyyətlə yanaşı, dünyəvi düşüncə tərzini də təmsil edən güclü bir körpüdür. Bu istiqamətdə ölkəmizdə kifayət qədər işlər görülür.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Manset.az-a açıqlamasında bildirib ki, hər bir dövlətin, xalqın gücü onun milli birliyində və həmrəyliyindədir:
"Bugün əldə etdiyimiz tarixi zəfərdən sonra milli birliyimiz daha da möhkəmlənib və bu, dünyanın hər yerində yaşayan azərbaycanlıları birləşdirir. Şübhəsiz ki, qalibiyyət böyük bir hadisədir. Həm birləşdirici, həm də ruhlandırıcı bir hadisədir. Tarixi zəfərimizdən sonra bütün dünya azərbaycanlıları yenidən ortaq bir sevinc yaşadılar.
Bu isə ortaq identikliyimizin və sosial düşüncəmizin daha da möhkəmlənməsi üçün zəmin yaratdı. Əlbəttə ki, qələbə böyük qürur mənbəyidir. Lakin qələbədən sonra da xalqımızın qarşısında mühüm vəzifələr dayanır. Xalqımızın sülhə olan niyyətinin dünyaya çatdırılması, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Azərbaycan dövlətinin sülhpərvər və beynəlxalq hüquqa hörmət edən mövqeyini təbliğ etməsi olduqca vacibdir".
Deputat qeyd edib ki, bu baxımdan, diaspor fəaliyyəti və lobbiçilik mühüm əhəmiyyət daşıyır:
"Bəzi başqa xalqlardan fərqli olaraq biz yalanları lobbiçilik vasitəsilə yaymırıq, yalanları təbliğ etmirik. Biz həqiqətlərin çatdırılmasına, gerçəklərin üzə çıxmasına çalışırıq.
Sevindirici haldır ki, bu gün dünyada Azərbaycan dövlətinin bu siyasəti dövlətin müvafiq qurumları, diaspor təşkilatları və qeyri-hökumət təşkilatları tərəfindən uğurla təbliğ olunur və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır".
Seyranə Quliyeva
6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.