Azərbaycanın dünya birliyinə inteqrasiyası

13:24 - 29 Avqust 2025

Azərbaycanın dünya birliyinə inteqrasiyası

Azərbaycanın dünya birliyinə inteqrasiyası müasir dövrdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz beynəlxalq aləmdə özünə layiqli yer tutmaq, regional və qlobal proseslərin fəal iştirakçısına çevrilmək üçün ardıcıl addımlar atıb. Azərbaycanın xarici siyasət kursu qarşılıqlı hörmət, əməkdaşlıq və sülhün təşviqi prinsiplərinə əsaslanır. Bu gün ölkəmiz həm siyasi, həm iqtisadi, həm də mədəni müstəvidə beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirir. Enerji layihələri, nəqliyyat dəhlizləri və qlobal təşəbbüslərlə Azərbaycan regional inteqrasiyanın əsas aparıcı güclərindən birinə çevrilib. Eyni zamanda, ölkəmizin humanitar əməkdaşlıq sahəsində atdığı addımlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə və dünya birliyinə inteqrasiyasının sürətlənməsinə xidmət edir.


Mövzu ilə bağlı Manset.az-a danışan deputat Zaur Şükürov bildiirb ki, Azərbaycan xalqı çoxəsrlik qədim dövlətçilik tarixinə malikdir:


"1918-ci il mayın 28-də xalqımız müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoydu. Lakin 1920-ci ilin aprelində Sovet Rusiyasının işğalı nəticəsində bu dövlət süquta uğradı. Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bu barədə qeyd edib ki, Azərbaycan öz dövlətini qurdu, amma bolşeviklərin işğalı nəticəsində itirdi".

Z.Şükürov qeyd edib ki, 70 ildən çox SSRİ tərkibində qalan Azərbaycan yalnız 1991-ci ildə müstəqilliyini yenidən bərpa edə bildi:

"Lakin bu dövr ölkəmiz üçün çətin sınaqlarla yadda qaldı: Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20%-i zəbt olundu, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrildi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə sabitliyi bərpa etdi, atəşkəsə nail oldu, enerji siyasətində böyük dönüş yaratdı və “Əsrin müqaviləsi” imzalandı.

2003-cü ildən bu kursu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunu daha da gücləndirdi. 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz, Qoşulmama Hərəkatına uğurlu sədrliyimiz, enerji və nəqliyyat layihələrimiz ölkəmizin qlobal proseslərdə mühüm oyunçuya çevrildiyini göstərdi. Azərbaycanın COP29-a ev sahibliyi etməsi isə dünya birliyinin bizə etimadının bariz nümunəsidir. 2020-ci ildə 44 günlük Vətən müharibəsi, 2023-cü ildə isə antiterror tədbirləri nəticəsində ərazilərimizin işğaldan azad olunması Azərbaycanın dünya birliyinə inteqrasiyasını yeni mərhələyə çıxardı. Artıq ölkəmiz regionda sülh təşəbbüsləri ilə çıxış edən, yeni geosiyasi reallıq yaradan güclü dövlət kimi tanınır".

“Azərbaycan Prezidentinin prinsipial və milli maraqları qoruyan siyasəti dövlətimizin mövqeyini daha da gücləndirəcək, beynəlxalq nüfuzumuzu daim yüksəldəcək”, – deyə Zaur Şükürov əlavə edib.


Quliyeva Seyranə

6.3.6. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az