“Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyimizin qarşısında duran vacib istiqamətlərdən biri də dünya birliyinə inteqrasiya etmək və beynəlxalq birlikdə layiqli yerini tutmaqdan ibarətdir”.
Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Manset.az-a açıqlamasında deyib. O bildirib ki, bu xətt, xüsusilə, Ulu Öndər Heydər Əliyevin və hazırki prezidentimiz Cənab İlham Əliyevin fəaliyyətində xüsusi önəm daşıyır.
“İlk növbədə, dövlət quruluşumuzun demokratik hüquqi normalar üzərində qurulması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, sosial rifahın yüksəldilməsi dövlətimizin əsas prioritetidir. Ümumilikdə, bütün dövlətlərlə yaxşı münasibətlərin qurulması, Azərbaycanın milli maraqlarının bütün istiqamətlərdə qorunması, ərazi bütövlüyünün qorunması uğrunda mübarizə olub. Vətən müharibəsindən, bir günlük antiterror əməliyyatından sonra bu gün biz artıq bütün istiqamətlərdə suverenliyimizi bərpa etmiş bir dövlət kimi fəaliyyət göstəririk. Dünya Azərbaycanı tanıyır, Azərbaycanı etibarlı bir tərəfdaş kimi qəbul edir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı durmadan artır. Cənab Prezidentimizin ABŞ-da yüksək səviyyədə qəbul edilməsi və onun şəxsiyyətinə ABŞ Prezidenti Donald Tramp tərəfindən yüksək sözlərin deyilməsi onu göstərir ki, böyük dövlətlər Azərbaycanı yaxın tərəfdaş kimi görür”.
Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığı bu gün xarici siyasətimizin mühüm istiqamətidir:
“Qonşu dövlətlərlə yaxşı münasibətlər bizim üçün olduqca vacib məsələdir. Dünya birliyini narahat edən elə bir məsələ yoxdur ki, Azərbaycan o mövzuda aktiv iştirak etməsin. Qoşulmama Hərəkatına rəhbərlik edərkən biz bu təşkilatın səsinin bütün dünyada yaya bildik. BMT Baş Məclisinin COVİD-19-la bağlı xüsusi sessiyasının keçirilməsinə nail olduq. 80-dən çox ölkəyə humanitar yardım göstərmişik. Bu bir daha göstərir ki, Azərbaycan müstəqil dövlət kimi öz vətəndaşlarının hüquqlarının qorunmasında beynəlxalq birlikdə layiqli yer tutmaq istiqamətində böyük işlər görür. Bundan sonra da bu işlər sürətlə davam edəcək”.
Fidan Vəlisoy