“Azərbaycanda dövlətin və ictimai maraqların qorunmasında Parlament mühüm rol oynayır. Milli Məclis qanunvericilik fəaliyyəti ilə ölkənin hüquqi bazasını formalaşdırır, dövlət siyasətinin həyata keçirilməsinə nəzarət edir və vətəndaşların maraqlarını təmsil edir. O, qanunların qəbulu, büdcənin təsdiqi, beynəlxalq müqavilələrin ratifikasiyası və digər vacib məsələlərdə əsas rol oynayır”.
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O qeyd edib ki, həmçinin, deputatlar ictimai rəyi və cəmiyyətin ehtiyaclarını nəzərə alaraq qərarların qəbulunda iştirak edirlər, bu da ölkənin sabitliyinə və inkişafına töhfə verir.
“İctimai maraqların qorunmasında vətəndaşların aktiv iştirakı çox vacibdir. Vətəndaşlar şəxsi maraqları kənara qoyaraq cəmiyyətin ümumi rifahı üçün fəaliyyət göstərməli, ictimai nəzarət mexanizmlərini dəstəkləməli və şəffaflığı təmin etmək üçün təşəbbüslər irəli sürməlidirlər. Bu, həm vətəndaş cəmiyyətinin institutlarının gücləndirilməsi, həm də dövlət qurumları ilə vətəndaşlar arasında etimadın artması üçün zəruridir. İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi, məsələn, vətəndaş iştirakçılığı platformalarının yaradılması və ya qanunvericilik proseslərinə cəmiyyətin cəlb edilməsi ilə daha effektiv nəticələr əldə oluna bilər”.
Deputat bildirib ki, medianın Azərbaycanda ictimai maraqların qorunmasında və vətəndaşların aktiv iştirakının təşviqində mühüm rolu var. Media cəmiyyəti vacib məsələlər barədə məlumatlandırır, dövlət qurumlarının fəaliyyətini və qanunvericilik proseslərini işıqlandırır.
“Media platformaları ictimai müzakirələr üçün məkan yaradır, vətəndaşların fikirlərini ifadə etməsinə və cəmiyyətin maraqlarını müdafiə etməsinə imkan verir. Vətəndaş olaraq üzərimizə düşən odur ki, bu cəmiyyətin bir parçası olaraq onun inkişafında rol oynamaq istəyiriksə, ictimai maraqları müdafiə etməliyik. Məsələn, tütünçəkmə ictimai və qapalı məkanlarda qadağandırsa, buna kiminsə yol verməsinə icazə vermək olmaz, çünki bu, ictimai maraqların əleyhinədir”.
Fidan Vəlisoy
6.3.1. vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb