Azərbaycançılıq ideyasının təbliği ölkəmizin milli və dövlətçilik maraqlarını qorumaq, vətəndaşlarımız arasında birlik və həmrəyliyi gücləndirmək baxımından böyük əhəmiyyət kəsb edir. Son illərdə bu ideyanın geniş şəkildə təbliği məqsədilə həyata keçirilən layihələr, proqramlar və tədbirlər ölkəmizin zəngin mədəni irsini, milli dəyərlərini, tarixini və dilini dünyaya tanıtmaq üçün mühüm addımlar atılmasına səbəb olmuşdur. Azərbaycançılıq ideyasının təbliğinə yönəlmiş proqramlar çərçivəsində təşkil edilən konfranslar, seminarlar, mədəniyyət və incəsənət festivalları, gənclər üçün təşkil olunan təlimlər və layihələr ölkə daxilində həm də xaricdə böyük maraq doğurur. Belə tədbirlər, azərbaycanlıların qlobal miqyasda öz milli kimliklərini qoruyaraq, müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etmələri üçün mühüm platforma yaradır.
Milli Məclisin deputatı Aydın Mirzəzadə Manset.az-a açıqlamasında azərbaycançılıq ideyasının təbliği istiqamətlərindən və ölkəmizin bu yolda qazandığı nailiyyətlərdən danışıb:

“Azərbaycançılıq ideyası Azərbaycan cəmiyyətində tam şəkildə qəbul edilən və daim zənginləşdirilən ideyadır. Bunun digər ideyalardan fərqi ondan ibarətdir ki, bu, bir partiyanın və ya bir qrupun ideyası deyil, cəmiyyətin qeyri-formal şəkildə qəbul etdiyi bir ideologiyadır. Azərbaycan xalqının tarixi köklərinə, onun mənəvi dəyərlərinə, müstəqil dövlətçilik təcrübəsinə, eyni zamanda bu gün müasirliyə qovuşmasına, Azərbaycanın dünya birliyində nüfuz qazanması üçün atılan addımlara əsaslanır və bu, digər xalqlardan üstün tutulması demək deyil.
Azərbaycanda yaşayan bütün xalqların birliyi, onların dilinə, dininə, milli fərqlərinə hörmət qoyulması deməkdir. Azərbaycançılıq heç də Azərbaycanı digər dövlətlərdən üstün tutmaq deyil, digər xalqların dəyərlərinə hörmətlə yanaşmaq və eyni zamanda bu gün daha güclü, daha qüdrətli olması üçün digər dövlətlərin və xalqların müsbət təcrübəsindən yararlanmaq deməkdir. Bu ideya bu gün cəmiyyətdə qəbul edilir. Cəmiyyətin hər bir üzvü bu ideyaya böyük ehtiramla yanaşır və hər bir kəs bu ideyanın reallaşmasına böyük hörmətlə yanaşır. Bu, artıq cəmiyyətin qəbul etdiyi, cəmiyyətin istiqamət götürdüyü və daim onun zənginləşdirilməsində maraq göstərdiyi bir ideyadır. Bu ideya xalqın içindən çıxıb, xalqın düşüncəsində, fəaliyyətində özünü göstərir və bundan sonra da göstərəcəkdir”.
Deputat qeyd edib ki, azərbaycançılıq ideyasının nütüm dünyada təbliğində xaricdə yaşayan həmvətənlərimizin də danılmaz rolu var və onlar daim bu məsələdə öz vətənlərinə dəstəkdirlər:
“Xaricdə yaşayan həmvətənlərimizdən gözləntimiz odur ki, onlar yaşadıqları ölkənin yaxşı vətəndaşı olsunlar. Oranın qanunlarına hörmətlə yanaşsınlar, yerli xalqın adət-ənənələrini öyrənsinlər və onlara böyük ehtiramla yanaşsınlar. Eyni zamanda istəyimiz onların ana vətənlə daim əlaqə saxlaması, Azərbaycanla bağlı həqiqətlərin yaşadıqları ölkələrdə yayılması və bu işə dəstək vermələridir. Biz xaricdə yaşayan həmvətənlərimizi o ölkə ilə ana vətən arasında canlı bir körpü kimi görmək istəyirik və deyə bilərik ki, buna nail olmuşuq.
Xaricdə yaşayan azərbaycanlılarımızdan çoxlu müsbət xəbərlər alırıq. Onlar dilimizi unutmurlar, yerli xalqla qaynayıb-qarışırlar. Həmçinin, orada doğulub böyüyən azərbaycanlı gənclər ana vətənlə əlaqə saxlamağa çalışırlar. Yay məktəblərinin keçirilməsi, onların yaşadıqları ölkələrdə bazar günü məktəblərinin fəaliyyət göstərməsi, dilimizi və adətlərimizi bilmələri bunu sübut edir. Bunların hamısı göstərir ki, həmvətənlərimiz vətənlə əlaqə saxlamaqda, eyni zamanda yaşadıqları ölkədə yaxşı vətəndaş olmaqda həmişə maraqlıdırlar”.
Fidan Vəlisoy 
6.3.9. azərbaycançılıq ideyasının təbliği;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

 
                                 
                                 
                                 
                                 
             
                 
                                 
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            