Son illərdə Azərbaycanda gənc nəslin milli mənlik şüurunun inkişafı və vətənpərvərlik hisslərinin tərbiyəsi məsələləri ön plana çıxmağa başlayıb. Gənclərin təlim-tərbiyəsi, onların milli kimliklərini dərk etməsi və ölkə maraqlarını qorumağa hazırlıqlı olmaları, Azərbaycanın gələcək inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Həm təhsil, həm də sosial fəaliyyət sahələrində keçirilən tədbirlər, müasir dövrün çağırışlarına cavab verən yeni nəsil yetişdirməyi hədəfləyir. Vətənpərvərlik hissinin aşılanması, gənclərə vətənini sevmək, onun tarixi və mədəni irsinə hörmətlə yanaşmaq kimi dəyərlərin aşılanması, ölkəmizin güclü və müstəqil bir dövlət olaraq dünyada daha da tanınmasına xidmət edir. Bu sahədə həyata keçirilən layihələr, gənclərin vətənə olan sevgi və bağlılığını artırmaq, onların cəmiyyətdəki məsuliyyətini yüksəltmək məqsədi daşıyır.
Milli Məclisin deputatı Vasif Qafarov Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycan dövləti gənclər arasında milli kimlik, vətənə sevgi və dövlətçilik duyğularının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

“Təhsil sistemində yenilənmiş dərs proqramları, vətənpərvərlik mövzulu layihələr, könüllülük hərəkatlarının inkişafı və tarixi günlərin geniş şəkildə qeyd olunması bu siyasətin əsas tərkib hissələrini təşkil edir. Müasir dövrdə gənclərə vətənpərvərlik hisslərinin aşılanması media, sosial şəbəkələr, ictimai fəaliyyət, hərbi-vətənpərvərlik tədbirləri və könüllülük proqramları vasitəsilə daha təsirli formada həyata keçirilir və gənclərin şəhid və qazi ailələrinə dəstək layihələrində iştirakı onların sosial məsuliyyətinin artmasına mühüm töhfə verir”.
Deputat qeyd edib ki, bu istiqamətdə gənclərə yönəlmiş rəqəmsal və media kontentinin artırılması, milli qəhrəmanlarla bağlı qısa videoçarx və sosial kampaniyaların hazırlanması, qazi və veteranlarla görüşlərin, “canlı tarix dərsləri”nin təşkili, ASAN, DOST və YAŞAT kimi qurumlarla birgə könüllülük proqramlarının genişləndirilməsi, eləcə də Şuşa, Ağdam və digər azad olunmuş ərazilərə maarifləndirici səfərlərin keçirilməsi gənclərdə vətənpərvərlik ruhunu daha effektiv şəkildə formalaşdıra bilər.
“Bundan başqa, teatr tamaşaları, filmlər, sərgilər və ədəbi-bədii tədbirlər vasitəsilə milli ruhun gücləndirilməsi də bu prosesin vacib tərkib hissəsidir. Təhsil müəssisələrində milli mənlik şüurunun inkişafı üçün isə “Milli kimlik və dövlətçilik”, “Müasir Azərbaycan tarixi” kimi xüsusi tədris modullarının yaradılması, məktəb və universitetlərdə vətənpərvərlik klublarının fəaliyyətinin təşkili, “Hərbi Hazırlıq” dərslərinin praktik təlimlərlə zənginləşdirilməsi, hərbi-idman oyunlarının genişləndirilməsi və hərbi hissələrə ekskursiyaların artırılması vacibdir. Eyni zamanda tələbə və şagirdlərin şəhid və qazi ailələrinə sosial dəstək layihələrinə cəlb edilməsi, tədrisdə rəqəmsal və innovativ üsulların virtual reallıq dərslərinin, interaktiv platformaların və onlayn tətbiqlərin istifadəsi milli mənlik şüurunun möhkəmlənməsinə xidmət edir.
Gənclərimizin milli ruhda formalaşdırılması ölkənin gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır və dövlət bu istiqamətdə fəaliyyətini ardıcıl şəkildə davam etdirir”.
Fidan Vəlisoy
6.3.10. gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik
hisslərinin tərbiyəsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
