Söz və mətbuat azadlığı sahəsində davamlı inkişaf - Yeni töhfələr

13:26 - 16 Yanvar 2026

Söz və mətbuat azadlığı sahəsində davamlı inkişaf - Yeni töhfələr

Azərbaycanda söz və mətbuat azadlığının inkişafı, ölkə rəhbərliyinin bu sahədə atdığı mühüm addımlar və beynəlxalq standartlara uyğunlaşdırma cəhdləri ilə daha da güclənib. Dövlətin və müstəqil medianın əməkdaşlığı, məlumatların sərbəst yayılmasını təmin etməklə yanaşı vətəndaş cəmiyyətinin inkişafına da dəstək verir. Bu inkişaf eyni zamanda müxtəlif ictimai qrupların fikirlərini sərbəst şəkildə ifadə etmələrinə imkan yaradır və cəmiyyətin daha şəffaf və açıq bir gələcəyə doğru irəliləməsini təmin edir.

 

Əməkdar jurnalist, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Manset.az-a verdiyi açıqlamada Azərbaycanda söz və mətbuat azadlığı tendensiyasında danışıb.


“Demokratik cəmiyyətlərdə fikir və söz azadlığını rolu haqqında danışanda, əlbəttə ki, dövlətin və cəmiyyətin yaratdığı şəraiti mütləq təhlil etməliyik. Cəmiyyətin, doğrudan da, demokratik ola bilməsi üçün orada fikir və söz azadlığı ən yüksək səviyyədə təmin edilməlidir. Bu təminatın arxasında da mütləq şəkildə dövlət və onun konstitusiyası durur. Əgər biz klassik konstitusion demokratiyalar haqqında danışsaq, onları təhlil etsək, görərik ki, yüz illər boyunca bu demokratiyalar söz və fikir azadlığına çox önəm veriblər. Önəm verdiklərinə görə də sürətlə inkişaf ediblər. Cəmiyyətin əyri-əskiyi vaxtında aşkar edilib, düzəldilib, insanlar özlərini rahat və azad hiss ediblər. Rahat və azad insanlar da həmişə inkişafa töhfə verirlər. Fikir və söz azadlığının rolu məhz burada özünü göstərir. Yəni bu azadlıqlar təmin edilən bütün ölkələr inkişafdadırlar. Hətta inkişafın zirvəsinə yüksəliblər. Təbii ki, biz Azərbaycanla müqayisə apardıqda, onların illərə dayanan müstəqillik və demokratiya təcrübəsini də göz ardı etməməliyik. Bəzən Azərbaycanda insanlar həyəcanlanır və düşünürlər ki, biz də Amerika Birləşmiş Ştatları qədər irəli getməliymişik, amma xatırlamaq lazımdır ki, bizim müstəqilliyimiz cəmi 35 ildir bərpa edilib. Biz daim işğal, basqa altında olmuşuq”.

Əməkdar jurnalist bildirib ki, Azərbaycanda söz, məlumat və ifadə azadlıqlarını təmin edən güclü qanunvericilik bazası mövcuddur və dövlət bu sahədə böyük irəliləyişlər əldə edib. Lakin bu azadlıqlardan istifadə edən şəxslərin məsuliyyətlərini unutmamaları da vacibdir: 

“Azərbaycanda fikir, məlumat, ümumiyyətlə, söz azadlığının inkişaf etdirilməsi, ayaqda tutulması üçün əlbəttə ki, dövlət təminatı nəzərə alınması cəhətdən problem yoxdur. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan konstitusiyası bu dəyərlərə çox yüksək qiymət verir, onlara həssaslıqla yanaşır, hər vətəndaşın bu yöndə özünü azad ifadə edə bilməsi üçün şərait yaradır. Yəni bu təminat konstitusiya səviyyəsində yerini tutub. Bundan əlavə “Media haqqında” qanunumuz kifayət qədər demokratik, açıq, dünya standartlarına uyğun qanundur. Əlavə olaraq, “İnformasiya əldə etmək haqqında” qanunumuz da var. Ümumiyyətlə, Azərbaycanda söz, mətbuat, informasiya azadlıqlarını təmin edən qanunvericilik bazası kifayət qədər mütərəqqidir. Yəni bu cəhətdən bizim dövlətimizdən şikayət etməyimiz üçün heç bir səbəb qalmayıb. Düzdür, bəzi insanlar düşünür ki, azadlıq dedikdə sərhəd tanımadan davranmaq olar. Belə şəxslərə də məsuliyyətlərini xatırlatmağa məcburuq. Ümumi mənzərə isə bundan ibarətdir ki, Azərbaycan dövləti üzərinə düşən bütün vəzifələri icra edib və edir. Əlbəttə ki, geriyə qalan məsələ isə məsuliyyətdir. Məsuliyyət isə söz, ifadə və məlumat azadlığından istifadə edənlərin üzərinə düşən bir yükdür. Yəni insanlar azadlıqlarından istifadə edərkən məsuliyyətlərini də unutmamalıdırlar”.

Azər Həsrət qeyd edib ki, Azərbaycan dünya dövlətləri arasında söz və məlumat azadlığı sahəsində inkişafda sürətlə irəliləyib və qısa müstəqillik dövründə bir çox məsələləri həll edərək yaxşı mövqe əldə edib. Bu sahədə daha da irəliləmək üçün böyük potensiala malikdir:

“Sözügedən məsələlərlə bağlı xarici ölkələri Azərbaycanla müqayisə etsək, əlbəttə ki, bizdən öndə olanlar da var, arxada olanlar da. Avropanın ən inkişaf etmiş, demokratik ölkələrini yaxud ABŞ, Kanadanı nəzərə alsaq, bizim onlara çatmağımız üçün xeyli məsafə qət etməyimiz lazımdır. Bu da təbiidir. Daha əvvəl də qeyd etdiyim kimi bu ölkələrin demokratiya təcrübəsi yüzillərlə ölçülür və bizdən qat-qat artıqdır.  Təbiidir ki, onlar bizdən bu baxımdan öndə olduqlarına görə, daha irəli gedə biliblər. Lakin elə dövlətlər, ölkələr də var ki, müstəqillik baxımından bizdən öndə olublar, daha tez müstəqil olublar, lakin baxanda görürük ki, Azərbaycan onlardan söz, məlumat azadlığı məsələlərində daha öndədir. Bir tərəfdə bizdən qat-qat öndə olan və müstəqillik tarixi daha qədim olan dövlətlər var, bir tərəfdə də bizdən daha arxada qalan, bizə çatmağa çalışan dövlətlər var. Dünya dövlətlərini 4 yerə bölsək, Azərbaycan bu sahədə inkişafı ilə istənilən halda ilk 50-yə düşür. Biz qısamüddətli müstəqillik dövründə bir çox ölkənin bizdən qat-qat artıq müddətə həll edə bilmədiyi məsələləri həll etmişik. Bu baxımdan biz irəlidəyik, yaxşı yerlərdəyik. Əlbəttə ki, daha yaxşı yerlərdə olmaq üçün kifayət qədər potensialımız da var”.

 

Fidan Vəlisoy

6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az