Azərbaycanda dini və milli tolerantlıq ənənələri uğurla davam etdirilir, müxtəlif etnik və dini icmalar arasında qarşılıqlı hörmət və etimad mühiti daha da möhkəmləndirilir. Ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində millətlərarası münasibətlər sabitlik və əməkdaşlıq prinsipləri əsasında inkişaf edir, multikultural dəyərlər isə cəmiyyət həyatının ayrılmaz hissəsinə çevrilir.
Milli Məclisin deputatı Aydın Hüseynov Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda dini və milli tolerantlıq ənənəsi təsadüfi yaranmış bir hal deyil, bu, əsrlər boyu formalaşmış həyat tərzinin və mədəni dəyərlərin nəticəsidir.

“Tarixən müxtəlif millətlərin və dinlərin nümayəndələri bu torpaqda birgə, qarşılıqlı hörmət şəraitində yaşayıb, öz adət-ənənələrini qoruyub saxlayıblar. Bu gün də həmin ənənə dövlət siyasəti səviyyəsində davam etdirilir və daha da inkişaf etdirilir. Bu siyasətin əsasını qoyan Heydər Əliyev tolerantlığı və multikultural dəyərləri Azərbaycan dövlətçiliyinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.
Azərbaycanda müxtəlif etnik qruplar arasında qarşılıqlı hörmət və əməkdaşlığın təşviqi üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Dövlət tərəfindən milli azlıqların hüquqları qorunur, onların dillərinin, mədəniyyətlərinin və dini inanclarının inkişafı üçün geniş imkanlar yaradılır. Ölkədə fəaliyyət göstərən müxtəlif mədəniyyət mərkəzləri, icmalar və dini qurumlar bu siyasətin praktik nəticəsidir. Eyni zamanda, məktəblərdə və ali təhsil müəssisələrində multikulturalizm və tolerantlıq dəyərlərinin təbliği xüsusi diqqət mərkəzində saxlanılır. Müxtəlif festivalların, konfransların və mədəni tədbirlərin təşkili də xalqlar arasında dialoqu gücləndirir və qarşılıqlı anlaşmanı möhkəmləndirir.
Bu siyasət bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev multikulturalizmi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi inkişaf etdirərək, ölkəmizi dünyada tolerantlıq məkanı kimi tanıdan təşəbbüslərlə çıxış edir. Onun rəhbərliyi ilə keçirilən beynəlxalq forumlar, mədəniyyətlərarası dialoqa xidmət edən tədbirlər və təşəbbüslər Azərbaycanın bu sahədə nümunəvi model kimi qəbul olunmasına səbəb olmuşdur”.
Deputat qeyd edib ki, tolerantlıq mühitinin formalaşmasında bir sıra mühüm amillər rol oynayır. Ən başlıca faktor xalqın tarixi yaddaşı və milli-mənəvi dəyərləridir:
“Azərbaycan cəmiyyətində fərqli inanca və milli kimliyə malik insanlara hörmətlə yanaşmaq ənənəvi bir davranış formasıdır. Digər tərəfdən, dövlətin apardığı siyasət bu mühiti daha da möhkəmləndirir. Qanunvericilik bazasının təkmilləşdirilməsi, dini azadlıqların təmin olunması və bərabərlik prinsipinin qorunması tolerantlığın əsas sütunlarını təşkil edir.
Bununla yanaşı, Azərbaycanın coğrafi mövqeyi də bu prosesə təsirsiz ötüşmür. Şərqlə Qərbin qovşağında yerləşən ölkə müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qarşılaşdığı məkan kimi formalaşıb. Bu da insanların dünyagörüşünün genişlənməsinə, fərqliliklərin qəbul edilməsinə və multikultural dəyərlərin möhkəmlənməsinə səbəb olub.
Nəticə etibarilə, Azərbaycanda tolerantlıq mühiti həm tarixi ənənələrə, həm də müasir dövlət siyasətinə əsaslanır. Bu mühit yalnız ölkə daxilində sabitliyin və həmrəyliyin qorunması və eləcə də beynəlxalq aləmdə Azərbaycanın müsbət imicinin formalaşmasına da müsbət təsir göstərir. Bu gün Azərbaycan müxtəlifliyin və birgəyaşayışın uğurlu nümunəsi kimi çıxış edir və bu model gələcək nəsillər üçün də əhəmiyyətli bir örnəkdir”, - deyə Aydın Hüseynov əlavə edib.
Fidan Vəlisoy
6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
