Azərbaycanda son illər azad sahibkarlığın inkişafı və liberal iqtisadiyyatın genişlənməsi istiqamətində atılan addımlar real nəticələr verməkdədir. Özəl sektorun iqtisadiyyatda rolunun artması, biznes mühitinin daha çevik və əlçatan olması sahibkarların fəaliyyətini genişləndirməsinə imkan yaradır. Dövlətin həyata keçirdiyi islahatlar, investisiya təşviqləri və yeni dəstək mexanizmləri yerli istehsalın güclənməsinə, yeni iş yerlərinin açılmasına və rəqabət qabiliyyətinin yüksəlməsinə şərait yaradır.
Milli Məclisin deputatı Vüqar Bayramov Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda liberal iqtisadiyyatın formalaşması iqtisadi siyasətin və islahatların əsas prioritetləri siyahısındadır.

“Məqsəd bundan ibarətdir ki, iqtisadiyyatın liberallaşması, eləcə də bazara çıxış imkanlarının artırılması mümkün olsun. Bu istiqamətdə, xüsusən, 2023-cü ildə qanunvericiliyin təkmilləşdirilməsi müşahidə olundu və bu da imkan verdi ki, həm rəqabətin müdafiəsinin, iqtisadiyyatın liberallaşması ilə bağlı addımların atılması mümkün olsun. Ən vacib qanunlardan biri də Rəqabət Məcəlləsinin, Dövlət satınalmaları haqqında, İnvestisiya haqqında - bütün bu yeni qanunların qəbul edilməsi həm də iqtisadiyyatın liberallaşması ilə bağlı qanunvericilik bazasının formalaşmasına imkan yaratdı. Ona görə də biz qanunverici bazanın inkişaf etməsi və təkmilləşdirilməsini müşahidə etdik. Bu təkmilləşdirilmə də nəticə etibarı ilə sahibkarlar üçün yeni imkanlar yaratdı”.
Deputat qeyd edib ki, liberal iqtisadiyyatın formalaşması və ümumiyyətlə bazarın liberallaşması uzunmüddətli bir prosesdir. Növbəti dövrlərdə də bu proses davam edəcək:
“Burada xüsusən gizli iqtisadiyyata qarşl mübarizə tədbirlərinin gücləndirilməsi, sahibkarların, xüsusən də kiçik və orta sahibkarların bazara çıxış imkanlarının artırılması, o cümlədən, kiçik və orta sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi kimi istiqamətlər var. Bu istiqamətlərdə növbəti dövrlərdə yeni addımların atılacağı gözlənilir və daha çox işlər reallaşdırılacaq”, - deyə Vüqar Bayramov fikirlərinə əlavə edib.
Fidan Vəlisoy
6.3.12. azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
