17-22 may tarixlərində keçirilən 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) Azərbaycan üçün yalnız beynəlxalq əməkdaşlıq platforması deyil, həm də ölkənin zəngin mədəni irsinin və milli-mənəvi dəyərlərinin dünyaya təqdim olunduğu mühüm məkan oldu. Forum çərçivəsində təşkil olunan tədbirlər, milli guşələr, mədəni təqdimatlar və ənənəvi incəsənət nümunələri iştirakçılarda Azərbaycan mədəniyyətinə böyük maraq yaratdı. Azərbaycanın qədim adət-ənənələri, qonaqpərvərlik mədəniyyəti və multikultural dəyərləri WUF13 iştirakçıları tərəfindən yüksək qiymətləndirildi və ölkənin beynəlxalq imicinin daha da güclənməsinə töhfə verdi.
Milli Məclisin deputatı Pərvanə Vəliyeva Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycan qədim şəhərsalma ənənələrinə malikdir. Ölkəmiz qədimliklə müasirliyi birləşdirən dünyanın sayılı şəhərlərindən birinə sahibdir:

“Bakıda müasir tikililərlə paralel 12-ci əsrin memarlıq inciləri, həmçinin UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmiş Qız qalası, İçərişəhər və Şirvanşahlar saray kompleksi kimi abidələrimiz mövcuddur. Bunların hər biri şəhərin simasını hədsiz dərəcədə zənginləşdirir. O cümlədən Qəbələ, Gəncə, Naxçıvan və Şamaxı kimi tarixi şəhərlərimiz də mövcuddur. Bu şəhərlər tarixi siması olmaqla yanaşı həmçinin bu ərazilərdə inkişaf da sürətlə həyata keçirilir. Urbanizasiya prosesi həm 20-ci, həm də 21-ci əsrdə insanları narahat edən məsələlərdəndir. Burada urbanizasiya ilə yanaşı həmçinin biz mədəni irsimizin memarlıq incilərinin qorunmasına da diqqət yetirməliyik. Məhz Bakının Baş planı 2040-cı il layihəsində də biz bizim abidələrimizin, mədəni irsimizin, tarix və mədəniyyət abidələrimizin, tikililərin qorunması, inkişaf etdirilməsi, nəsildən-nəsilə ötürülməsini hədəfləyir”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhərsalma siyasətinə xüsusi diqqət yetirir. Məhz Heydər Əliyev Fondunun dəstəyi ilə bir çox abidələrimiz bərpa edilib:
“Qarabağ və Şərqi Zəngəzurda biz bu əraziləri işğaldan azad etdikdən sonra təkcə yaşayış məntəqələrini deyil, eləcə də mədəni irsimizi bərpa edirik. Heydər Əliyev Fondu da bu istiqamətdə unikal işlər həyata keçirir. Mədəni irsimizin restavrasiyası, bərpa edilməsi ilə bağlı layihələr həyata keçirir. Qeyd etdiyimiz kimi, işğaldan azad olunmuş ərazilərdə də “ağıllı şəhər” konsepsiyası icra olunur. Bu da bütün dünyaya nümunə olacaq bir dayanıqlı urbanizasiya təcrübəsidir. Həmçinin Azərbaycan WUF13 və COP29 kimi qlobal tədbirlərə ev sahibliyi edir. Çünki Azərbaycan, Bakı bu gün təhlükəsizlik, sabitlik adası kimi tanınır. Ölkəmizdə sülhə nail olunub. Buna görə də beynəlxalq ictimaiyyət ölkəmizə beynəlxalq tədbirlərin keçirilməsini etibar edir”, - deyə Pərvanə Vəliyeva fikirlərinə əlavə edib.
Fidan Vəlisoy
6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və
mədəniyyətinin təbliği;
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb 