Alimlər Antarktika materikində ilk dəfə olaraq quş qripinin aşkar edildiyini açıqlayıblar. Argentinanın Antarktidadakı elmi-tədqiqat stansiyası Primavera bazasında çalışan alimlər ölmüş iki qağayıda quş qripi (H5N1) virusu aşkar ediblər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bunun Antarktika materikində ilk dəfə rast gəlinən hal olduğunu bildiriblər.
Bu vəziyyətin bölgədəki ekosistem və quş populyasiyası üçün ciddi təhlükə yarada biləcəyi düşünülür.
Antarktika Tədqiqatları üzrə Elmi Komitə də Hope Bayda H5N1 virusuna bənzər simptomları olan bəzi hallara rast gəlindiyini açıqlayıb. Bu onu göstərir ki, quş qripi virusu qitəni digərlərindən ayıran təbii sərhədlərə və məsafələrə baxmayaraq Antarktidaya çatıb.
Alimlər quş qripi virusunun hələ də bütün dünyada yayıldığını və virusun qitə materikinə köçəri quşlar tərəfindən gətirilə biləcəyini vurğuladılar. Məlumdur ki, quş qripi (H5N1) virusu səbəbindən 2021-ci ildən bəri dünyada milyonlarla quş tələf olub.
Bu kəşf Antarktidanın ekosistemi və quş populyasiyası üçün böyük təhlükə yarada bilər.
Əfsanə Rəcəb
Manşet.az