BMT-nin Qəzza sessiyasında böyük gərginlik - ABŞ və Rusiya ...

15:37 - 28 Fevral 2024

BMT-nin Qəzza sessiyasında böyük gərginlik - ABŞ və Rusiya ...

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) keçirilən Qəzza sessiyası zamanı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzia və ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Robert Vud bir-biri ilə sərt fikir mübadiləsi aparıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ilk çıxış edən Nebenzia ABŞ və onun “Qərbli həmkarlarını” İsrailin qidadan müharibə aləti kimi istifadə etməsinə icazə verməkdə ittiham edib.

ABŞ-ın müzakirəyə təqdim etdiyi qətnamə layihəsində atəşkəs tələb olunmadığını deyən Nebenzia layihənin “öldürmək səlahiyyəti” verdiyini bildirib.

Nebenziadan sonra danışan ABŞ-ın BMT-dəki daimi nümayəndəsinin müavini Vud, "Hər kəsə Rusiya humanitar böhranların həllinə töhfə verən bir ölkə deyil, onlara səbəb olan bir ölkə olduğunu xatırlatmaq istərdim" deyib.

Vud, həmçinin, bunun üçün Ukraynaya baxmağın kifayət edəcəyini və BMT Nizamnaməsini pozan Rusiyanın başqa bir ölkəni tənqid etməyə haqqı olmadığını bildirib.

O, nitqində “Rusiyanın mülki infrastrukturlara zərər vurması ilə bağlı narahatlıqlarını dinlədim, amma onları ciddi qəbul edə bilmədim” deyib.

Bunun üzərinə Nebenzia Vuda Ukrayna və Qəzzanı müqayisə etdiyinə görə utanması lazım olduğunu söyləyib. Nebenzia bildirib ki, İraq, Əfqanıstan və Suriyanı bombalayan, ağır zərər verən ölkə olaraq bizə dərs verə bilməzsiniz. Səhvlərimizi qeyd etməzdən əvvəl öz səhvlərinə baxın.

Ukrayna ilə Qəzza arasında müqayisə aparmadığını bildirən Vud, Rusiyanın hərəkətlərinə diqqət çəkərək Nebenziaya "Ukraynanı bombalamadığınızı iddia edirsiniz?" sualını verib.

Nebenzia isə Rusiyanın yalnız Ukraynadakı hərbi hədəfləri vurduğunu əsas gətirərək müzakirələrə son qoyulmasını tələb edib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin