Günün mübarək Azərbaycan qızı! - Gülər Mübariz yazır

12:10 - 8 Mart 2024

Günün mübarək Azərbaycan qızı! - Gülər Mübariz yazır

Bu günə qədər qadın haqqında deyilməyən xoş söz, tərif, kəlam, müdrik misalları düşünürəm, yazılmayan qalıbmı, görəsən?

 

Qalmayıb: aşağı-yuxarı ,bəzi fikirlərin bəzəksiz halı, bəzilərinə qız-gəlin bəzəyi vurulmuş halında, bəziləri yarımçıq, bəziləri mükəmməl…

Əlqərəz, deyilməyən qalıbsa da, çox az qalıb. Mahnılar da bəstələnib, şeirlər də yazılıb, bayatılar da qoşulub. “Cəsur qadın” ,” Fədakar qadın”, “Mələk qadın” , “Tənha qadın” ,”Güclü qadın” …, saymaqla bitməz qadının şərəfinə qoşulan incəsənət əsərlərini; hər adda, hər mövzuda, hər başlıqda çeşid-çeşiddir.

 

Bəzən qınaq gəlir gözümüzdən, “kanalı çevir” deyir, qulağımız üsyan edir, eyni hava neçə dəfə səslənər?

 

Yaradılanın ən zərifi, varlığına əsla naşükürlük etmək deyil yazımızın məqsədi. Sən bəşəriyyətə hava,su kimi lazımsan, qüdrətinə nə şübhə? Səni sevirik, bundan əmin ola bilərsən, sən ən gözəl məxluqsan. Qınağımız sənə deyil, səndən də ötəsinədir, yazdığını gərəksiz süs əşyası kimi saxlayan, yazdığıyla qalan, qədrini bilməyənlərədir. Qədrin bilinsin, nəğmən bayağı gəlməsin, kinayə baxışlarımızı ələ keçirməsin, “ehh” kəlməsi əvəzinə “bəh-bəh” deyək.

Bu hər kəsə və hər vəziyyətə şamil deyil, əlbəttə… Yaxşı və ya pis olmağın insanın cinsi ilə əlaqəsi yoxdur.

 

Gününə mübarək deyək, Azərbaycan qadını. Qadın adına layiq olan hər kəsin bayramı mübarək olsun.

 

Səni var ol, şəhidimin anası, icazə ver səni təbrik edim, əllərindən öpüm.

Günün mübarək, əmanət qadın, behiştdən səni bizə tapşıran var, yeri görsənən əvəzdən deyirik “bayramın mübarək”.

Günün mübarək, gözləri yollardan yığışmayan qızlar, təbrikim ata-qardaş sovqatı olmasa da, sizi yad edirəm.

Günün mübarək, övlad yolunu qocalar evində gözləyən ana, utancımıza bağışla bizi, təbrikimizi qəbul et.

 

Günün mübarək, Vətən üçün gecəsini gündüzünə qatan, millət üçün çalışan, iş xanımı.

Günün mübarək, gün boyu ailəsinə xidmət edən, mətbəxdə çalışan, “yorulmayasan” kəlməsini ən böyük hədiyyə bilən, zəhmətkeş qadın.

 

Bir quru təbrikə möhtac qalan, yad edilməyən, bayramını unudan unudulmuş qadınlar, bayramınız mübarək olsun, sevilirsiniz. Ən azından Odlar yurdunun qadınısınız.

 

Ömür vəfa etdiyi qədərincə şəninizə söz qoşacam, bezikdirmədən, nazınızı çəkə-çəkə. Siz buna layiqsiniz. Biz buna layiqik. Bayramımız mübarək olsun.

Azərbaycan xanımı üçün Gülər Mübariz imzası ilə…

 

Sən zirvəsən,sən bəşərsən,sən qadınsan…

Möhkəm dayan,sən qəhrəman anasısan.

Qartal baxış,məğrur duruş abidəsi

Sən zəfərə layiq olan ,kişilərə arxa olan,dayaq olan

Azərbaycan xanımısan…

İgidlərin bacısısan,sevdasısan.

Sən şəhidin can verdiyi

Qarabağın maralısan…

***

Kipriyinə yuva salan

Nəm həsrətin baxışısan

Könüllərdə yuva quran

Oğulların baş tacısan.

Sən məğrursan,sən cəsursan,

Sən mübariz savaşçısan, döyüşlərə sinə gərən

Yıxılanda əyilməyən, göz yaşıyla gülümsəyən

Qalibiyyət nəfəslisən, cənnətməkan qoxulusan.

Qarabağın qara rəngli dərdin alıb

Saçlarına qara rəngli yaylıq salan

Azərbaycan qadınısan.

Cümhuriyyət avazısan…

 

Gülər Mübariz


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin