Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO

16:46 - 16 Mart 2024

Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO

Tanınmış xanəndə, əməkdar artist Sahibə Əhmədova vəfat edib.

 

Manset.az Kulis.az-a istinadən xəbər verir ki, ifaçı bu gün dünyasını dəyişib.

Sahibə Əhmədovanın xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir.

Əhmədova Sahibə Əliqulu qızı 1956-cı il yanvar ayının 11-i Ağcabədi rayonunun Hacılar kəndində anadan olub.

1975-ci ildə Asəf Zeynallı adına Orta-ixtisas Musiqi Texnikumunun xanəndəlik fakültəsinin muğam şöbəsinə daxil olub və görkəmli muğam ustadı, Əməkdar müəllim Nəriman Əliyevdən dərs alaraq muğam sənətinin sirlərini öyrənib. Texnikumda təhsilini davam etdirməklə yanaşı, 1976-cı ilin oktyabr ayından Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işə başlayıb. Opera səhnəsində ilk ifa etdiyi obraz M.Maqomayevin “Şah İsmayıl” operasından Ərəbzəngi obrazı olub. Elə ilk gündən Sahibə xanımın özünəməxsus tərzdə və yüksəs peşəkarlıqla ifa etdiyi bu obraz tamaşaçıların yaddaşında bu günə qədərdə böyük iz buraxıb və haqlı olaraq da “Səhnəmizin Ərəbzəngisi” adını qazanıb. Sonralar isə opera səhnəsində Ü.Hacıbəylinin “Leyli və Məcnun” operasında Leylinin anası, Məcnunun anası, Z.Hacıbəyovun “Aşıq Qərib” operasında Qəribin anası, Ş.Axundovanın “Gəlin qayası” operasında Camalın anası, R.Mustafayevin “Vaqif” operasında qarı və s. obrazları ifa edib.

Muğam və xalq mahnılarımızın mahir ifaçısı olan Sahibə Əhmədovanın ifasında “Bayatı-Şiraz”, “Çahargah”, “Şur”, “Segah”, “Orta Mahur”, “Mahur-hindi”, “Rahab”, “Bayatı-kürd”, “Qatar”, “Şahnaz” muğam dəstgahları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Simayi-Şəms” kimi zərbi-muğamları lentə alınıb və bir çoxu Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılır.

16 sentyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Respublikanın “Əməkdar artist”i fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!



Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin