Rusiya Ermənistana SON XƏBƏRDARLIĞI ETDİ – Bakı nə edəcək?

08:48 - 18 Mart 2024

Rusiya Ermənistana SON XƏBƏRDARLIĞI ETDİ – Bakı nə edəcək?

Rusiya ilə Ermənistan arasındakı diplomatik gərginlik günü-gündən daha da artır. Ermənistanın KTMT-dən çıxmaq istiqamətindəki fəaliyyəti Moskvada da ciddi izlənilir. Nikol Paşinyan hakimiyyəti özünü uçurumun kandarına qədər gətirib. Ən qəribəsi isə odur ki, Ermənistan bu məsələdə lap istəyinə nail olsa belə, onun özü üçün müsbətə dəyişəcək hər hansı bir ciddi mövzu olmayacaq. 

 

Əvəzində Ermənistan hakimiyyəti Kreml qarşısında özünü daha çətin duruma salmış olacaq. Artıq Moskva ilə İrəvan arasındakı diplomatik gərginliyi tərəflərin hər bir fərdinin dilindən açıq duymaq mümkündür. Bu gün Rusiya prezidenti Vladimir Putin Ermənistanın Qərb meyilli siyasətinə olan münasibətini bir çox "kanallar" vasitəsi ilə rəsmi İrəvana çatdırmaqdadır.

Elə şənbə günü Rusiya XİN başçısının sözçüsü Mariya Zaxarovanın keçirdiyi mətbuat konfransında mesajları kimi... Ermənistanın artıq Rusiyaya itaətsizlik yolunu tutması Moskvadan kartları açmasına səbəb olmaqdadır. Bunu elə Zaxarovanın sözügedən mətbuat konfransında "Rusiya dəfələrlə Ermənistana köməyə gəlib", - ifadəsi açıq nümayiş etdirir. 

Görünür, son dönəmlər heç cürə ipə-sapa yatmaq istəməyən İrəvanın Rusiyanın orbitindən nəyin bahasına olursa-olsun çıxmaq planı Kremli açıq danışmaq, Ermənistana etdiyi yaxşılıqları xatırlatmaq, bu gün bu belə bir dövlətin varlığına görə əslində Rusiyaya minnətdar hissi duymalı olduğunu yada salmağın vacibliyini düşünüb. Mariya Zaxarovanın bu sözləri İrəvanda qərar dəyişikliyinə səbəb olacaqmı? İnandırıcı görünmür. 

Halbuki Rusiya XİN-in sözçsü bir daha Ermənistanı Azərbaycanın əlindən məhz qurtaran tərəflərdən birinin Rusiya olduğu faktını ifşa edir. Belə aydın olur ki, Moskvadan belə bir bəyanat səsləndilərkən Bakının çox yaxşı xəbərdar olduğu, faktlarla bildiyi bu reallığın artıq heçnəyi dəyişməyəcəyini, Azərbaycanın ərazi suverenliyini bərpa etdiyi üçün narahatlıqla qarşılanmayacağını da hesaba qatıb. 

Lakin bu sözləri İrəvan ilə Moskva arasında deyə bilmərik. Rusiya və Ermənistan rəsmiləri, diplomatları, siyasətçiləri arasında davam edən mübahisələr artıq açıq təhdid və təhqirlərlə də müşahidə edilir.

Zaxarovanın təkcə bu ifadəsi eyni zamanda "Siz ermənilər insafsızsınız, Rusiya olmasaydı Ermənistan adında dövlət olmazdı, çoxdan Türkiyə və Azərbaycana təslim olmuşdunuz. İndi isə bizə arxa çevirirsiniz", - açıqlaması kimi də şərh edilə bilər.

Eyni zamanda Zaxarovanın "Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması onun milli maraqlarına cavab verməyəcək", - açıqlamasını Moskvadan İrəvana ünvanlanan "Sizin yeni xozeyinləriniz Rusiyanın düşmənləridir. Ona görə onları Ermənistana və Cənubi Qafqaza gətirməniz sizə çox baha başa gələcək", - xəbərdarlıq kimi də izah edilə bilər. 

Belə bir məqamda NATO baş katibi Yens Stoltenberqin Cənubi Qafqaz ölkələrinə səfərinin başlaması çübhəsiz ki, Moskvada daha böyük qıcıq yaradacaq. Nəzərə alsaq ki, Şimali Atlantika Blokuna üzv olmaq üçün ürəyi gedən Ermənistana NATO baş katibinin İrəvanda Nikol Paşinyan hakimiyyətinin Rusiyadan nə qədər uzaqlaşmağa hazır olmasıyla və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməsi prosesi ətrafında müəyyən fikir mübadiləsi də olacaq, demək ki, Moskva-İrəvan gərginliyinin hələ pikinə şahid olmamışıq. 

Ermənistanın Qərbin təsir dairəsinə düşməsi və məqsədləri gün kimi aydındır. O da məlumdur ki, Fransanın təkidi ilə Rusiyadan uzaqlaşmaq yolunu seçən Ermənistan düşünür ki, məhz buna nail olacaqları təqdirdə Bakı ilə İrəvan arasında yekun sülhün imzalanmasına da mane ola bilər. 

Lakin Prezident İlham Əliyev bu gün Stoltenberqlə mətbuata bəyanatlarla çıxışı zamanı növbəti dəfə Azərbaycan-Ermənistan arasında sülh sazişinə çox yaxın olduğumuzun anonsunu verdi. Gedişata Rusiya yönündən də baxanda Bakı kəfəni nəyinki yırtan, hətta Cənubi Qafqaza müdaxilə etmək istəyənlərin üstünü torpaqlamağa ən real potensiala malik bir güc kimi də görünə bilər. 

Geosiyasi reallıqlar və qlobal güclərin, düşmənlərin və müttəfiqlərin maraqları sözügedən güc üstünlüyünü əlavə qazanca çevirməyə imkan verməyə bilər. Lakin istənilən halda, hərbi üstünlük şəraitin sülh əldə edilməsi sazişin şərtlərinə diqtə edilməsinə imkan verəcək. Məhz bu baxımdan da Azərbaycanı üstün tərəf saymaq olar. 

Atabəy Türkel


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin