İçərişəhərdə bərpa olunmuş unikal fotolardan ibarət sərginin açılışı baş tutdu

15:25 - 19 Mart 2024

İçərişəhərdə bərpa olunmuş unikal fotolardan ibarət sərginin açılışı baş tutdu

18 mart 2024-cü il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) təşkilatçılığı ilə Bakı Fotoqrafiya Evində “Fotolarda canlanan tarix” adlı sərginin açılışı olub.

 

Manset.az xəbər verir ki, tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann, mədəniyyət və incəsənət xadimləri, eləcə də ölkəmizdə fəaliyyət göstərən digər səfirliklər iştirak ediblər.  

Sərgidə nümayiş olunan nadir fotolar Azərbaycanda ilk dəfə olaraq “İçərişəhər” DTMQİ-nin nəzdində fəaliyyət göstərən “İçərişəhər” Muzey Mərkəzinin fonduna məxsus 1860-cı illərin ortalarından 1970-ci illərə qədər olan dövrü əhatə edən şüşə neqativlərin və nadir fotoların bərpa və konservasiya edilməsi, rəqəmsallaşdırılması nəticəsində işıq üzü görüb.

Sərgi iştirakçılarına təqdim olunan “İçərişəhər”, “Abşeron” və “Qarabağ” adlı üç kolleksiya üzrə, bəziləri ilk dəfə sərgilənən unikal fotolarla, qonaqlar vaxtilə mövcud olmuş, hazırda isə ya qalıqları qalmış, ya da tamamilə dağıdılmış abidələri əvvəlki vəziyyətində görmək imkanı qazanıblar.

Tarixi abidələri, onların bərpa prosesini əks etdirən bu nadir fotoların bərpası ilə Bakı, İçərişəhər, Azərbaycanın bölgələrindəki binaların bu günədək məlum olmayan görüntüləri əldə edilib.

Qeyd edək ki, “Fotolarda canlanan tarix” layihəsi Almaniyanın Federativ Respublikasının dəstəyi ilə “Mədəniyyətin qorunması” proqramı çərçivəsində ərsəyə gəlib.

 “Fotolarda canlanan tarix” adlı sərgi bir ay müddətində Bakı Fotoqrafiya Evində davam edəcək.

 

 



Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin