Dördgünlük müharibə kimi tarixə düşən bu şanlı tarix - Gülər Mübariz Yazır

16:31 - 1 Aprel 2024

Dördgünlük müharibə kimi tarixə düşən bu şanlı tarix - Gülər Mübariz Yazır

Dördgünlük müharibə kimi tarixə düşən bu şanlı tarix 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişəni əhatə edir. Nə baş verdi bu günlərdə? Yaxın keçmişi xatırlayaq.
Dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” yüksəkliyində nəzarəti ələ keçirdilər.Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılması təmin edildi.

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.

Hər zamankı erməni xislətinin xain planı bu dəfə baş tutmadı. Üzü Bakıya sarı tutulan hədəfli yol Azərbaycanın Zəfərinin başlanğıcı oldu.

Keçmədi bu dəfə quyruğu qısdırılmış xainin məqsədli qan döyüşü, bu dəfə gözləmədikləri cavabla qarşılaşdılar.  Azərbaycan Silahlı Qüvvələrinin vurduğu dəqiq cavab atəşi ilə düşmənin bir çox mövqeləri darmadağın edildi. Azərbaycan Silahlı Qüvvələri cəbhəboyu əməliyyat şəraitini tam nəzarət altında saxlayaraq düşməni geri çəkilməyə vadar etdi. Bu döyüşlər tariximizə Şanlı Aprel döyüşləri kimi qızıl hərflərlə yazıldı; qisas yanğısı ilə alışan qəlblər yenidən dirçəldi sanki, Boz qurd qış yuxusundan oyandı, yaz havası ilə zəfərin qoxusunu duydu. “Vətən” deyə haray çəkdi dillər, Qarabağ marşa çevrildi dillərdə.
Uşaqdan böyüyə birlik ola biləcəyimizi ilk o zaman hiss etdik. İlk onda hiss etdik qələbənin mükəmməl duyğusunu. Qələbəyə qadir olduğumuzu dərk etdik Aprel döyüşləri ilə. Türkün beli bükülməz, türkün qolu əyilməz dedik. Səbirlə gözlədik, həsrətlə gün saydıq, Qarabağa sarı baxan yaşlı gözlər inamla doldu yavaş-yavaş.

Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olmağını Aprel döyüşləri ilə sübut etdi.

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün tam bərpasına qədər mübarizə aparılacağını dəfələrlə bəyan etmişdi. “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir…Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun, bərpa edəcəkdir”. Bu sözlərdən ilham aldı Azərbaycan əsgəri. Azərbaycan xalqının heç vaxt erməni işğalı ilə barışmayacağını, xalqın arzu və istəyini reallaşdıracaq ordumuzun şəxsi heyətinin daim döyüşə hazır olduğunu göstərdi. Aprel zəfəri sübut etdi ki, Azərbaycan Ordusunun şəxsi heyəti istənilən qələbələri qazanmağa qadirdir.

Daha nələri sübut etdi? Ruhumuzun ən kövrək yeri— Aprel şəhidlərimizi dünyaya tanıtdı, uşaqdan böyüyə sevdirdi hamıya. Gənclərimizin qələbəyə inam qaynağı, döyüş əzmi, qisas yanğısı oldu. Azərbaycan Ordusunun şəxsi heyəti bu döyüşlər zamanı böyük hünər və rəşadət nümayiş etdirərək yurdumuza sahib çıxmaq istəyən erməni işğalçılarına ağır zərbə endirdi. Bu gücü sevdik xalq olaraq, məğlubiyyət hissindən arınmaq çox yüngüllük gətirdi bizə. Paklanıb gələcəyə baxdıq, şəhidimizin qanı, əsgərimizin şücaəti ilə bizə dönən torpağın hər qarışı məlhəm oldu yaramıza.

Zəfərimizin başlanğıcı mübarək, əziz xalqım, doğma Vətən. Yaraların da bizimdir, yaralananların da. Öldük ki, dirilək. Yaralandıq ki,məlhəm olaq. Döyüşdük ki, qalib olaq.
Yaşa,var ol, mənim qəhrəman yurdumun qəhrəman oğulları. Hər biriniz qəlbimizdə əbədi yaşayacaqsınız. Xoş halına vətənin şanlı tarixinə yazılan hər adın, hər əməlin sahibinə. Biz sizlərlə dirçəldik, sizlərlə bütün olduq. Şəhidim də, qazim də, əsgərim də mənimdir.

Başımızın üstündəsiniz, Vətən oğulları… Qələbəmiz mübarək!


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin