Onlara ilk işə düzələndə 4712 manat müavinət verilməlidir

13:42 - 3 Aprel 2024

Onlara ilk işə düzələndə 4712 manat müavinət verilməlidir

“Azərbaycanda yeni tətbiq edilən, amma nisbətən daha az müraciətin qeydə alındığı birdəfəlik ödənişlərdən biri də xüsusi kateqoriya şəxslərə işə düzələn zaman ödənilən vəsaitdir. Belə ki, mövcud qanunvericiliyə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərə ilk dəfə işə düzələn zaman birdəfəlik müavinət verilməsi həyata keçirilir”.

 

Manset.az xəbər verir ki,  bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır:

“Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.

Müavinətin məbləği ölkə üzrə orta aylıq əməkhaqqının beş misli qədərdir. Hazırda orta aylıq əmək haqqı 942,4 manat olduğu üçün həmin şəxsə müraciət edən zaman 4712 manat müavinət ödəniləcək.

Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.

Bu zaman aşağıdakı sənədlər tələb olunur:

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti;

- əmək kitabçasının surəti;

- valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.

Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər”.

V.Bayramov vurğulayıb ki, bir sıra müavinətlərlə bağlı məlumatlıl;ğın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir:

“Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin