"İsrail İrana cavab zərbəsi endirməyəcək" - KİV

18:14 - 14 Aprel 2024

İsrail İrana cavab zərbəsi endirməyəcək.

Manset.az Report-a istinadən xəbər verir ki, İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Cozef Bayden arasında danışıqdan sonra Təl-Əviv İrana cavab verməkdən vaz keçib.

Nəşrin məlumatına görə, Bayden bildirib ki, bütün pilotsuz təyyarələrin və raketlərin ələ keçirilməsi böyük qələbədir və buna görə də əlavə qisas almağa ehtiyac yoxdur.

Bundan əvvəl bəzi kabinet üzvləri cavab zərbəsi endirmək barədə təklif irəli sürüb.

Həmçinin İranın hücumu nəticəsində ciddi ziyanın dəyməməsi müəyyən edilib.

Xatırladaq ki, aprelin 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) qanadlı və ballistik raketləri ilə "Doğru vəd əməliyyatı" kod adı altında İsrailə hücum edib. Hücumların aprelin 1-də İsrailin İranın Dəməşqdəki səfirliyini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir. Bu, iki ölkə arasında ilk birbaşa hərbi qarşıdurmadır.

Aprelin 14-də səhər saatlarında İran İsrailə qarşı əməliyyatın başa çatdığını elan edib. O, hücumu "qanuni və haqlı özünümüdafiə aktı" hesab edib. ABŞ, Rusiya və müxtəlif KİV ümumi əməliyyatı uğursuz qiymətləndirib. İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib. Ardınca İsrail ordusu sakinlərə sığınacaqları tərk etməyə icazə verib.

Azərbaycanın Xarici İşlər Nazirliyi bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırıb. 


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin