Ermənistan Rusiyanın quyusun dərinləşdirir – Tehran Qərblə razılaşdı?

10:13 - 15 Aprel 2024

Ermənistan Rusiyanın quyusun dərinləşdirir – Tehran Qərblə razılaşdı?

Nikol Paşinyan 5 aprel Brüssel görüşündə ABŞ və Avropa İttifaqından istədiklərini ala bilmədi. Lakin Ermənistan baş naziri nikbin görünür. Rəsmi İrəvan uzun illərdir forpostu olduğu Rusiyaya qarşı planın əsas hissəsinə çevrilməsinə haqq qazandırmağa davam edir.

 

Məhz ABŞ-Avropa ittifaqı-Ermənistan üçtərəfli görüşünün məğzində ilk növbədə Rusiyanın Cənubi Qafqazdakı mövqeyinin zəiflədilməsi planlarının dayandığını nəzərə alsaq, Nikol Paşinyanın son açıqlamalarına ancaq bu adı vermək olar. Belə ki, Paşinyan parlamentdəki son çıxışında İrəvanla Moskva arasında münasibətlərin çətin dövrlərdən keçdiyini etiraf etsə də, ölkəsinin Rusiya ilə münasibətlərdə yanlış addımlar atmadığını vurğulayıb. 

Paşinyançıxışı zamanı İranı da unutmayıb: O, Ermənistanın Qərblə münasibətlərinin İran əleyhinə olmadığını vurğulayıb. Nikol Paşinyanın Brüsseldəki görüş və müzakirələri Moskvadan fərqli olaraq Tehranı onsuz da narahat etməyib. Əgər belə bir şey olsaydı, regionda sabitliklə bağlı, sərhədlərin təhlükəsizliyi ilə bağlı danışanda ağzına "çullu dovşan" yerləşməyən İran rəsmiləri uzun illərdir ona qarşı sanksiya tətbiq edən, əl-qolunu bağlayanlarla dostu Ermənistanın ittifaq qurmaq, daha sıx əməkdaşlıq etmək planlarına qarşı ciddi səs çıxarardı. 

Görünür İran bəzi yerlərdə öz maraqlarını qurban verməyə hazırdır. Çox güman ki, Tehran Ermənistanın Azərbaycan qarşısında duruş gətirməsi üçün İrəvana istənilən cür yardımı təqdir etmək yolunu seçib. Biraz da konkret desək, görünür, ABŞ və Avropa İttifaqı Ermənistanın zəifləməsinin qarşısını alacaqlarsa, Tehran buna yalnız müsbət reaksiya verə bilər. 

Görünür Tehranı heç də dediyi kimi olaraq Cənubi Qafqazdakı sabitlik, təhlükəsizlik məsələləri bir o qədər də maraqlandırmır. Cənub qonşumuz ehtimal ki, hesab edir ki, Qərbin Ermənistana dəstəyinin mərkzində Rusiyanın Ermənistana təsirini zəiflətmək, Azərbaycanla danışıqlarda Ermənistanın mövqeyini gücləndirmək məsələləri dayanır, bu gedişat da İran rejimini tam qane edir. 

Rəsmi Tehran Ermənistanı Qərbin regiondakı geosiyasi forpostuna çevirmək, Rusiya ilə ikitərəfli strateji sazişlərdən çıxmasından zərrə qədər narahat görünmür. Təki Ermənistan Azərbaycan qarşısında əlini gücləndirsin!

Amma bu məsələdə ən böyük zərbə planı Rusiya üçün seçilib. İrəvan Qərbdən aldığı tapşırığı yerinə yetirməkdə israrlı və qərarlıdır. Bununla belə, Rusiya ilə Ermənistan arasındakı münasibətlər sanki yolayrıcına yaxınlaşsa da, kuliminasiya baş vermir. Baxmayaraq ki, Qərbin fəallaşması Paşinyanı anti-Rusiya ritorikasının səviyyəsini artırmağa, KTMT-dəki üzvlüyünü “dondurmağa”, “Mir” kartlarının istifadəsini dayandırmağa və Rusiya sərhədçilərini hava limanından çıxarmağa vadar etdi.

Amma nəyin şahidi oluruq?! Kremlin əsas media ruporlarından hesab edilən Vladimir Solovyov yenidən ermənilərə və Qarabağ separatçılarına rəğbət nümayiş etdirməyə başlayıb. Aydən görünür ki, hazırda Rusiya mediası var gücüylə təbliğat aparır ki, Rusiyadan uzaqlaşmağa çalışan Ermənistan Azərbaycan və Türkiyənin əsarəti altına düşə bilər. Paşinyanı satqınlıqda ittiham edən Rusiya mediası sifarişə uyğun olaraq məhz bu yolla erməni cəmiyyətini qorxutmağa çalışır.

Belə aydın olur ki, Rusiyanın qorxusu düşünüləndən də fərqlidir. Paşinyanı satqınlıqda ittiham edən Rusiya mediası və Kreml təbliğatçıları ehtimal ki, Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa müvəffəq olacağı təqdirdə, Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının azalacağı qənaətindədirlər.

Rəsmi Bakı bu periodda nə Tehrana bənzəyir, nə də Moskvanın addımlarını təkrarlayır. Eyni zamanda Azərbaycan Ermənistandan fərqli olaraq nə Rusiyanın, nə də Qərbin maraqlarına xidmət etmək fikrindədir. Görünən odur ki, bu gün rəsmi Bakı öz qərarlarında tələsmir, "stavkanı" daha təmkinli və hədəfə hesablanmış gedişlərə qoymağı qarşısına məqsəd qoyub. 

Atabəy Türkel


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin