Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

13:06 - 19 Aprel 2024

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Hazırda dünya sözün həqiqi mənasında dini və milli dözümsüzlükdən əziyyət çəkir. Elə bir gün olmur ki, dünya mətbuatı aqressiya, hücum, zorakılıq kimi mövzularda xəbərlər dərc etməsin. Ölkəmizdə müxtəlif dinlər və etnoslar arasında tolerantlıq mədəniyyəti ta qədimdən indiyəcən qorunub saxlanmaqdadır. Azərbaycan xalqı əsrlər boyu müxtəlif etnosların yaşadığı bu ərazidə uzun illər qarşılıqlı etimada əsaslanan milli-mədəni və dini münasibətlər sistemi formalaşdırıb. Ölkəmizdə hər zaman yüksək tolerantlıq mühiti hökm sürüb və insanlar əmin-amanlıq şəraitində yaşayıb. Respublikamızda hər kəs dinə münasibətini müəyyənləşdirməkdə, istədiyi dinə etiqad etməkdə sərbəstdir. Ölkə vətəndaşlarının dinə münasibətlərindən asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində qanun qarşısında bərabərdirlər.

Mövzu ilə bağlı Manset.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Vüsalə Hüseynova bildirib ki, Azərbaycanda tolerantlıq ənənəsinin əsası hələ qədim dövrlərdən qoyulub. 

Vüsalə Hüseynova qeyd edib ki, dinə bəşəri, tolerant və dünyəvi münasibət baxımından Azərbaycan heç bir ölkə ilə müqayisə oluna bilməz. Çünki Azərbaycanın milli, dini və coğrafi xüsusiyyətlərindən irəli gələn tolerantlıq keyfiyyəti artıq xalqımızın genefondunda özünə yer tapıb:

“Azərbaycan tarixən milli və dini baxımdan tolerant ölkə olub. Bu torpaqlarda tarixin heç bir dönəmində dini və ya milli zəmində qarşıdurmalar, azacıq da olsa ziddiyyətlər meydana çıxmayıb. Azərbaycan tarixin ilkin dönəmlərindən başlayaraq hər zaman başqa xalqlara və dinlərə sayğı ilə yanaşıb. Adətən tolerantlıq ənənələrinin inkişafına görə müsbət mənada fərqlənən cəmiyyətlərdə və ölkələrdə dinlərarası dialoq və əməkdaşlığın səviyyəsi də digər ölkələrdən daha yüksək olur. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində respublikada dövlət-din münasibətlərinin yeni istiqaməti formalaşdı, tolerantlığın daha da inkişaf etdirilməsi üçün hüquqi baza yaradıldı. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə yaşayan bütün azsaylı xalqların və dinlərin nümayəndələrinin hüquqlarını, vicdan azadlığını təsbit etdi. Bu sahədə H.Əliyev tərəfindən yaradılan müdrik siyasi xətt Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və zənginləşdirilir. Azərbaycanda həyata keçirilən dövlət siyasəti ölkədəki mövcud tolerantlıq mühitini daha da dərinləşdirir, xalqların və dinlərin nümayəndələri arasındakı tarixi dostluq tellərini daha da möhkəmləndirir. Bu istiqamətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədyönlü və ardıcıl fəaliyyəti xüsusilə qabarıq nəzərə çarpır. Fond yarandığı gündən fəaliyyətində milli-mənəvi dəyərlərimizin qorunmasına, tarixi-mədəni abidələrimizin bərpasına və tolerantlığın təşviqinə böyük önəm verir. Azərbaycan üçün son illərin ən böyük tarixi reallıqlarından biri də ölkəmizin beynəlxalq tədbirlər məkanına çevrilməsidir. Bu tədbirlərin bir qisminin mədəniyyətlər və sivilizasiyalar arasında dialoqa həsr olunması xüsusilə diqqəti çəkir. Bir sözlə, Azərbaycanda dini və milli tolerantlığın inkişafının əsas aspektləri sırasında etnik, coğrafi, dini-mədəni amilləri, eləcə də tolerantlıq mühitinin, ənənələrinin  inkişafına yönələn dövlət siyasətini vurğulamaq olar”. 

Vüsalə Hüseynovanın sözlərinə görə, hazırda Azərbaycan əhalisi həm etnik, həm də dini baxımdan zəngindir. Xoşbəxtlikdən ölkəmizdə bütün etnik və dini icmalar arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri formalaşıb:

“Azərbaycandakı tolerantlığın ən gözəl nümunələrindən biri də tez-tez bütün dini icmaların nümayəndələrinin burada bir araya gəlməsidir. Məsələn, müsəlmanların Ramazan ayında təşkil olunan iftar məclislərində Azərbaycanda yaşayan xristianlar, yəhudilər və digər dini icmaların nümayəndələri də iştirak edirlər. Üç əsas səmavi dinin nümayəndələrinin mehriban şəkildə bir araya gəlməsi olduqca nadir hadisədir və sevindirici haldır ki, bu, məhz Azərbaycanda baş verir. Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst fəaliyyət göstərir və onlara dövlət tərəfindən lazımi dəstək verilir. Sadalanan faktlar bir daha sübut edir ki, ölkəmizdə tolerantlığın təmin olunması üçün bütün məqamlara xüsusi diqqət yetirilir, bu effektiv nəticə verir. Bu yaxınlarda Azərbaycanda fəaliyyət göstərən dini qurumların təşəbbüsü ilə keçirilən “Dinlərarası harmoniya” festivalı bir daha ölkəmizdəki dinlər və icmalararası harmoniya mühitini əyani şəkildə nümayiş etdirdi.  Azərbaycanda dini etiqad azadlığının yüksək səviyyədə təmin edilməsi, bütün dinlərin daşıyıcılarına bərabərhüquqlu münasibətin göstərilməsi, eləcə də dinlərarası harmoniyanın inkişafına dəstək verilməsi bir daha nümayiş olundu. Nümunəvi mühitimiz, dinə və tarixi-dini abidələrimizə göstərilən diqqət bizim dünya mədəniyyətinə ən böyük töhfəmiz, gələcək nəsillər üçün isə ən dəyərli mirasımızdır. Bu ali dəyərin qorunması, habelə beynəlxalq miqyasda təbliği dövlətin din siyasətinin prioritetini təşkil edir”. 

Əfsanə Rəcəb

6.3.15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin