Azərbaycan Qərbin planlarını ALT-ÜST ETDİ: İlham Əliyev böyük zəfərə doğru…

11:29 - 20 Aprel 2024

Azərbaycan Qərbin planlarını ALT-ÜST ETDİ: İlham Əliyev böyük zəfərə doğru…

Ötən gün Ermənistanla Azərbaycan arasında gerçəkləşən görüş hər iki ölkənin tarixində əhəmiyyətli dövrün başlanğıcı kimi də şərh edilə bilər. Belə ki, aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə razılığa gəlindi ki, Qazaxın 4 kəndi ( Bağanis (ER) - Bağanis Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrimli (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri) Azərbaycana qaytarılsın. Bu isə o deməkdir ki, Bakı ilə İrəvan arasında sülh prosesi aktiv fazaya daxil olur. Belə düşünməyə dünən iki ölkə arasında əldə edilən razılıqlar əsas verir. 

Son 2 gündə Azərbaycan iki böyük tarixi nəticə əldə etdi:

- İlk olaraq sülhməramlıların Qarabağdan çıxarılmasına strat verilməsi

- Qazaxın 4 esklav kəndinin Azərbaycana təhvil verilməsi

Bəli, fakt faktlığında qalır ki, Qazaxın işğal altında qalan kəndlərindən dördünün – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin qaytarılması ilə bağlı razılığa gəlinməsi, sülhməramlıların Qarabağdan çıxmasından sonra növbəti qələbə xəbəridir. Nəzərə almaq lazımdır ki, son günlər məhz bu kəndlər ətrafında müharibənin başlanması gözləntiləri ilə bağlı müxtəlif iddialar səsləndirilirdi, eskalasiya ehtimalları getdikcə artırdı. Lakin razılığın əldə edilməsi bölgədə sülh gündəliyinin hələ də səradan çıxmadığını, ümidlərin qaldığını göstərmiş oldu. 

Dünənki görüş eyni zamanda bir məsələni də çox aydın şəkildə əks etdirdi: İtərəfli format Bakı və İrəvan arasında problemlərin həlli, münasibətlərin normallaşması üçün yeganə effektiv platformadır. Kənar müdaxilələr olmazsa demək ki, iki ölkə bir çox vacib məsələləri öz aralarında həll etmək perespektivindədirlər. Ən azından son hadisələr bunu göstərir.

Heç şübhəsiz ki, müharibəsiz, bir güllə belə atılmadan belə bir qələbənin əldə edilməsi ilk növbədə Prezident İlham Əliyevin uzaqgörən, zərgər dəqiqliyi ilə yürütdüyü siyasətin məntiqi nəticəsidir, növbəti qələbəsidir. Bir güllə də atılmadan, qan tökülmədən əvvəllər Ermənistanın işğalı altında olan Qazax rayonunun anklav olmayan kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılmasının təmin edilməsinə başqa ad vermək mümkün deyil.

44 günlük müharibənin gedişində və ondan sonrakı mərhələdə Prezident İlham Əliyev 2020-ci ildə sərhədyanı kəndlərimizin geri qaytarılması məsələsini qaldırdı və bu istiqamətdə daim intensiv iş aparıldı. Dövlət başçısı artıq o vaxtdan bu günə kimi dəfələrlə bildirib ki, bir qarış da torpağımızı güzəştə gedən deyilik. Bu gün biz bu prosesin məntiqi ardıcıllığına şahidlik edirik.

Yaxşı məlumdur ki, rəsmi Bakı ilə İrəvan arasındakı sülh gündəliyinə barmaq edib, vəziyyəti gərginləşdirmək istəyən qüvvələr bir dəqiqə də olsun bu fəaliyyətlərinə ara vermədilər. Əksinə olaraq son zamanlar istər Fransa, istərsə də ABŞ tərəfindən regionda sabitliyi pozacaq addımların artdığına şahidlik edirik. Bu proseslər fonunda Azərbaycanın məqsədindən əl çəkməməsi, gündəliyinə sadiq qalması ardıcıl olaraq sülhməramlıların Qarabağı tərk etməsi və Qazaxın 4 kəndinin Azərbaycana bir güllə də atılmadan təhvil verilməsi məsələsində əsas həlledici məqam oldu. 

Aİ və ABŞ, eləcə də bir sıra Qərb dövlətləri bu prosesə müdaxilə etməyə çalışsalar da, Azərbaycan bu təzyiqlərin qarşısını almaqla yanaşı, öz istəyini reallaşdırmağa da nail oldu. Bir daha göründü ki, Azərbaycan və Ermənistan ortaq dil tapa bilərlər və bu kimi məsələləri özləri öz aralarında həll etmək iqtidarındadırlar. Şübhəsiz, demək olar ki, Qərb imperialistləri Azərbaycan-Ermənistan prosesindən nə qədər uzaq olsalar, Cənubi Qafqazda bir o qədər tez sülh və firavanlıq hökm sürəcək.

Bu məqamda Qərbin qeyri-adekvatlığını, ikitirəlik etdiyini əks etdirən bir məsələyə diqqəti çəkmək istərdim: Ötən gün "Böyük Yeddilik" (G7) ölkələrinin xarici işlər nazirləri başçıları Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı bəyanatla çıxış ediblər. G7 ölkələri bəyanatda Ermənistan və Azərbaycanı sülh prosesinə sadiq qalmağa çağırıb. Onlar Ermənistan və Azərbaycanı güc tətbiq etməmək, suverenlik, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyünə hörmət prinsiplərinə əsaslanan layiqli və davamlı sülhə nail olmaq üçün sülh prosesinə tam sadiq qalmağa çağırırıq", - bəyanatda deyilir.

Bəli, təşkilatın bu mövzuya həssaslığı regionda sülhün hökm sürməsi nöqteyi-nəzərdən təqdirəlayiqdir. Sual yaranır, bəs, niyə G7 ölkələri Azərbaycan əraziləri 30 il müddətində Ermənistanın işğalı altında olarkən bir dəfə də olsun, suverenliyə hörmət, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərini xatırlamır, bu barədə düşünmürdülər?

Bu bəyanat Qərb dairələrində bəzi qüvvələrin böyük narahatlığının səsidir. Azərbaycan haqlı bildiyi yoldan dönən deyil və ona heç bir qüvvə, heç bir siyasətçi təsir edə bilməz. Bu, 2023-cü ilin sentyabrından sonra Azərbaycanın Qarabağda suverenliyinin yekun bərpasını, Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılmasını və indi dörd kənd üzərində nəzarətin qansız geri qaytarılmasını qeyd edə biləcəyimiz qələbələr silsiləsində növbəti qələbədir. Bu gözəl xəbər Prezident Əliyevin Azərbaycan xalqına növbəti hədiyyəsidir.

Bakı ilə İrəvan arasındakı son razılaşmalar Azərbaycana qarşı davam edən qarayaxma kampaniyasının da üstündən böyük bir xətt çəkdi. Fransa və bir sıra digər Qərb ölkələrindən Azərbaycanın guya Ermənistana hücum planlaşdırdığı, Ermənistan ərazisində hərbi məqsədlərin olduğu və s. dair "feyknyus"larını havaya uçurdu, onun sabun köpüyündən başqa bir şey olmadığın nümayiş etdirdi. İndi hamıya aydındır ki, bu, ölkəmizə qarşı növbəti çirkin oyun və saxta təbliğat kampaniyasından başqa bir şey deyildi.

Nəzərə alsaq ki, Ermənistanın Azərbaycana qaytarmağa hazırlaşdığı kəndlər kommunikasiyaların keçdiyi ərazilərə daxildir. Bu, eyni zamanda o deməkdir ki, artıq Ermənistan kommunikasiyaların açılması ilə razılaşmaqdan başqa yolunun qalmadığını da anlayır. Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi altında növbəti qələbələrə doğru inamlı irəlilədiyi artıq gizlin deyil.

Atabəy Türkel


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin