Sahibə Qafarova həmkarı ilə danışıqlar APARDI

19:12 - 1 May 2024

Sahibə Qafarova həmkarı ilə danışıqlar APARDI

Mayın 1-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Malayziya Parlamenti Senatının sədri Datuk Mutanq Taqal ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Manset.az-a verilən məlumata görə, görüşdə Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti haqqında danışıb.

Söhbət zamanı həmçinin Azərbaycan və Malayziya arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. İkitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin müstəsna rolu qeyd edilib. Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatında da əməkdaşlıq etdiyi və bir-birini dəstəklədiyi vurğulanıb.

Malayziya Parlamenti Senatının sədri VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun yüksək səviyyədə təşkilinə görə təbriklərini çatdırıb. O, Malayziyanın Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirərək, iki ölkə arasında əlaqələrin bir sıra sahələrdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Senat sədrinin sözlərinə görə, dövlətlər arasında münasibətlər xalqlarımızın da daha da yaxınlaşmasına töhfə verir. O, siyasi dialoqla yanaşı, təhsil, mədəniyyət, gənclər siyasəti sahəsində əməkdaşlıq imkanları barədə də fikirlərini bölüşüb.

Söhbət zamanı Mutanq Taqal, ölkəsinin qanunverici orqanlar arasında da dialoq və əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıraraq, qarşılıqlı səfərlərin bu istiqamətdə töhfə verəcəyinə inamını ifadə edib.

Qonaq, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un bu il ölkəmizdə keçirilməsi ilə əlaqədar təbriklərini çatdırıb.


Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin