“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTOLAR

10:10 - 6 May 2024

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda konfrans keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Manset.az xəbər verir ki, konfransda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoymasından, öz el–obasından zorla çıxarılan soydaşlarımıza qayğısından və xüsusi diqqətindən danışıb. Bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri kimi müəyyənləşdirməklə soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi istiqamətində dəstəyini göstərməkdədir.

Konfransda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qərbi Azərbaycana aid fikirlərinin yer aldığı videoçarx nümayiş etdirilib.

Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Qərbi Azərbaycana qayıdış indiki Ermənistan ərazisindən deportasiya olunmuş həmvətənlilərimizin mənəvi və hüquqi haqqıdır. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Qərbi Azərbaycan mövzusunu yenidən gündəmə gətirib və bu hadisəyə hüquqi-siyasi qiymət verib.

"Son 300 illik tarixdə Azərbaycan torpaqları zamanla itirilmişdi. Amma Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu mənfi tendensiyalar sona çatdı”, - deyə Zahid Cəfərov vurğulayıb.

Konfransa onlayn qoşulan Ukrayna Milli Universiteti Odessa Hüquq Akademiyasının professoru, hüquq elmləri doktoru Arif Quliyev bildirib ki, azərbaycanlıların son illərdəki fəaliyyəti dünya ictimaiyyəti tərəfindən geniş şəkildə müzakirə edilir. Azərbaycanın qazandığı uğurlar bütün azərbaycanlılar üçün qürur mənbəyidir. O, beynəlxalq hüququn norma və prinsipləri, insan haqları, dövlətlərin ərazi bütövlüyü barədə fikirlərini bölüşüb.

Daha sonra çıxış edən hüquq elmləri doktoru, professor Kamil Səlimov deyib ki, Azərbaycanın müvafiq qurumları 1987-ci ildə Qərbi azərbaycanlılara qarşı törədilmiş cinayətləri araşdırır.

Konfransda Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi məsələlərin araşdırılması, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququnun əsaslarına dair elmi mülahizələr dinlənilib. Həmçinin indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təmin olunmasını əsas hədəf kimi bəyan etmiş Qayıdış Konsepsiyasının müddəalarının həyata keçirilməsini mümkün edən müasir beynəlxalq hüquqi alətlərdən istifadə yollarından danışılıb.

Tədbirdə QAİ-nin Mərkəzi orqanlarının rəhbərləri, müavinləri, tanınmış hüquqşünaslar və icma üzvləri də “Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları”, “Qərbi Azərbaycana qayıdış yeni tarixi mərhələnin böyük başlanğıcı olacaq”, “Qayıdış Konsepsiyasının siyasi-hüquqi əhəmiyyəti”, “İnsan hüquqlarına hörmət beynəlxalq hüququn əsas normalarındandır..., amma!”, "Qərbi Azərbaycan qadınlarının beynəlxalq hüquqda müdafiəsi” və sair mövzularda çıxış ediblər.



Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin