8 may yarasına 8 noyabr ərmağanı…

14:26 - 8 May 2024

8 may yarasına 8 noyabr ərmağanı…

Bəzi tarixlər var yaddaşlardan silinməyən, illər ötsə də, hər o gün gəldikcə eyni həyəcanı, eyni hisləri yaşadığın. Bu gün 8 may Şuşanın işğal olunduğu gün olsa da, mən o tarixdən yox, 8 noyabr tarixindən yazacağam. İşğal sözü tariximizdən silinib artıq, bizə zəfər yaraşır, qalibiyyətə yazmaq yaraşır. 8 may 1992-ci il tarixində baş vermiş o günü, o tarixi unutduran günə yazıram bu yazını.

8 maya 8 noyabr nisbəti…

Təxminən dörd il öncəydi, noyabr ayı, ürəklər səksəkədə, gözlər intizarda, qulaqlar səsdə. Şad xəbər ümidində qəlblər alışıb yanırdı, Ali Baş Komandandan bir “bizimdir” sözünü həsrətliklə gözləyirdik xalq olaraq. Ailə idi bütün Azərbaycan, bir yumruq altında bütöv bir qəlb kimi döyünürdü, hər kəs doğmalaşmışdı. Dərdi bərabər çəkib, sevinci birgə paylaşırdıq.

Doluxsunmuş gözlər televiziya ekranında, həyəcan ruhumuzu əsir almış, əllər buz kəsmiş, bir himə bəndik.
Və o an gəldi çatdı… Ağır ,qürurlu addımlarla Fəxri Xiyabanda irəliləyir Sərkərdəmiz. Bir az təəccüb, bir az çaşqınlıq var, təlatümdədir bütün xalqın qəlbi; “Axı, biz şad xəbəri masa arxasında görürdük, eşidirdik adətən. Dəmir yumruq havada, gözlər sevincdən işıq saçan halda müjdəli xəbər ekranlara iş otağından gələrdi, nə oldu, görəsən?”

Biz suallarla çarpışarkən Komandan təmkinli addımlarla irəliləyir, Ulu Öndərin məzarına gəlib çatır. Himnimizi dinləyirik, hörmətlə anırıq, hərbi geyimdə olan prezidentimizi qürurla süzürük. O anların həyəcanını ifadə etməyə sözlər yetmir.
Əsgər salamı ilə salamladı, ulu öndərə ehtiram, atasına olan özləm dolu baxışlarla “Ruhun arxayın olsun” deyirdi, sanki…

Şəhidlər xiyabanına gedirlər cənab prezidentimiz və bütün Azərbaycan xalqının baxışları, qəlbi.
Nitqinə başlayır, qəlbimiz yerindən çıxacaq kimiyik.

“Əziz həmvətənlər, əziz bacılar və qardaşlar! Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir, Qarabağ bizimdir!!!”

Nəfəslər tutuldu, yer yerindən oynayacaq kimi, sevinc çığlıqları hər yeri bürüyür, kərəminə şükür, İlahi… Bu necə həsrət imiş, bu nə sevda imiş, bu nə yanğı imiş qəlbərdə? Heç nəyə bənzəməyən bir sevgi imiş vətən sevgisi, torpaq həsrəti, küllərindən yenidən doğuluruq bu xəbərlə. Ekranlara sarılan kim, diz üstə çöküb sevincindən ağlayan kim, zəfər coşqusu ilə haray çəkən kim… Ən doğma kəsi kimi boyunu sevdi övladının həmin an Azərbaycan, “səni bəxş edənə şükür, oğul” dedi.
İntizarında olduğumuz ziyarət səbəbini də açıqlayır bizə doluxsunaraq,

“Mən bu gün ulu Öndər Heydər Əliyevin qəbrini ziyarət etdim, ürəyimdə dedim ki, xoşbəxt adamam ki ata vəsiyyətini yerinə yetirdim, Şuşanı azad etdik.”

Artıq aydın olur bizə bu gediş, “Əmriniz yerinə yetirildi” deməkmiş o əsgər salamı.
Hörmətlə, özləmlə anırıq biz də.

Sonradan bilirik bu zəfərin çətinliklərini, bu müqəddəs yolda baş verənləri, itirdiklərimizi və qəhrəmanlıq dastanı yazan igidlərin şücaətini. Noyabrın 5-də artıq Azərbaycan bölmələri Şuşanın cənubundakı yüksəkliklərə qalxmağa başlayıblar .Axşam saatlarında isə xüsusi təyinatlılarımız əsas yola çıxaraq Şuşanın müdafiəsinə kömək etməyə çalışan əlavə erməni hərbi qüvvələrinin qarşısını kəsir. Azərbaycan hərbi rəhbərliyi isə şəhəri əsas yoldan yox, sıldırım olan hissədən almağı planlamışdı. Sıldırım hissələrdə erməni ordusu az qüvvə saxlamışdı və buradan hücumun olacağını gözləmirdi. Şəhərə qalxan birinci qrup zirvəyə bir neçə metr qalmış döyüşə girir. Birinci dəstədən sonra bir-birinin ardınca digər dəstələr də Şuşanın qərb istiqamətindən şəhərə qalxmağa başlayır. Beləliklə, noyabrın 7-də gecə Azərbaycan xüsusi təyinatlıları Şuşanın böyük bir hissəsini öz nəzarətinə keçirməyi bacarır.

Noyabrın 8-də erməni ordusu tanklarla vəziyyəti dəyişməyə çalışsa da, heç nəyə nail ola bilmədilər. Günorta saatlarında isə Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Şuşanın azad edilməsi xəbərini verdi:
-Əziz Şuşa, sən azadsan! , Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa,biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”, – Ali Baş Komandan-İlham Əliyev.
Şuşanın azadlığı uğrunda canından keçən, qan verən bütün şəhid qardaşlarımızın ruhu önündə baş əyirik, hər zaman qəlbimizdəsiniz. Bu yolda sağlamlığından olan qazi qardaşlarımıza uzun ömür arzulayırıq, Vətən və vətəndaşlar sizinlə fəxr edir.

Günün mübarək, Azərbaycan!

Gülər Mübariz


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin