QAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLAR

09:05 - 11 May 2024

QAİ-da Böyük Qarakilsə rayon icmasının iclası keçirildi - FOTOLAR

Qərbi Azərbaycan İcmasında (QAİ) Böyük Qarakilsə rayonu icmasının iclası keçrilib.

 

Manset.az xəbər verir ki, iclasda əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbiri giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və Hüquq Komissiyasının sədri, Böyük Qarakilsə rayon icmasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov iclasın əlamətdar tarixə - Azərbaycanın memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə təsadüf etdiyini bildirib. 

Professor Zahid Cəfərov Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı bu gün görülən işlərin əsasını qoymasından, öz el–obasından zorla çıxarılan soydaşlarımıza qayğısından və xüsusi diqqətindən danışıb. Bildirib ki, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan Prezident İlham Əliyev insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı əsas hədəflərdən biri kimi müəyyənləşdirməklə soydaşlarımızın qayıdış hüququnun təmin edilməsi istiqamətində dəstəyini göstərməkdədir. 

Tədbirdə çıxış edən Qərbi Azərbaycan icmasının aparat rəhbəri Qalib Qasımov Böyük Qarakilsə rayonunun sakinlərini salamlayıb. O, İcmanın bu günə qədərki fəaliyyəti, şəhər, rayon və kənd icmalarının əhəmiyyəti, formalaşma prosesi, Qayıdış Konsepsiyası və qarşıda duran vəzifələr barədə danışıb.

Ölkəmizin Malayziyada, Myanma İttifaqı Respublikasında, Tailand Krallığında və Bruney Darüssalamda (2013 - 2021-ci illər) fövqəladə və səlahiyyətli səfiri olmuş Qaley Allahverdiyev diqqətə çatdırıb ki, bugünkü Azərbaycanın banisi olan Ümummilli Lider Heydər Əliyev daim xalqımızın tarixində və qəlbində əbədi yaşadacaq, Dahi şəxsiyyətin adı hər zaman sevgi və sayğı ilə anılacaq. Azərbaycan dövləti və xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezident, xalq və ordu vəhdəti ilə ərazi bütövlüyümüzü yenidən bizə bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin şanlı səhifələrini yazacaq, zirvələr fəth etməkdə davam edəcək.

Sonra Hallavar kənd icmasının sədri, Hüquq üzrə fəlsəfə doktoru Əli Eyvazov, Arcut kənd icmasının sədr müavini, Tibb üzrə fəlsəfə doktoru, məşhur kardioloq Akif Nəsibovun, Heydərli kənd icmasının sədr müavini Hümbət Tanrıverdiyevin, Qarakilsə icmasının sədri İsaxan Maçanovun, Almalı kənd icmasının sədri Sabir Əhmədovun, Gözəldərə İcmasının sədri Şakir Muradovun, Dızman kənd icmasının sədri Bayram Əhmədovun və rayonun gənclərlə iş üzrə koordinatoru Famil Fərhadoğlunun hesabatları dinlənilib. Rayonun ictimaiyyət nümayəndələri və ziyalıları görülən işlər barədə məlumatlandırılıb. 

Görülən işlər qənaətbəxş hesab edilib. Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov rayon sakinlərini Qayıdış konsepsiyasına aktiv dəstək olmaya çağırıb. 

Tədbirin yekununda Böyük Qarakilsə rayon sakinlərinə Qərbi Azərbaycan İcmasına üzvlük vəsiqələri və döş nişanları təqdim edilib.



Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin