Yeni rektor kimdir? - Dosye

17:23 - 20 May 2024

Yeni rektor kimdir? - Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Şahin Bayramov Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilərək Qarabağ Universitetinin rektoru təyin edilib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iqtisad üzrə fəlsəfə doktoru olan 1979-cu il təvəllüdlü Ş.Bayramov uzun müddətdir təhsil sahəsində çalışır.

O, 1996-cı ildə Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi bitirib.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunub, 2000-ci ildə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2001-ci ildə İqtisad Universitetinin magistraturasına qəbul olunub, 2003-cü ildə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb.

2005-ci ildə İqtisad Universitetinin doktoranturasına qəbul olunub.

2005-ci ilin yanvarından 2016-cı ilin sentyabrınadək İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb.

2005-2009-cu illərdə İqtisad Universitetinin Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramında menecer, 2009-2011-ci illərdə Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində işləyib.

2012-ci ilin noyabrından 2017-ci ilin aprelinədək İqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində fəaliyyət göstərib.

2017-ci ilin aprelindən 2019-cu ilin iyulunadək Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsini icra edib.

Azərbaycan Prezidentinin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin