Maaşlar arta bilər?

14:19 - 22 May 2024

Maaşlar arta bilər?

Son günlər ölkədə aylıq minimum əməkhaqqının saatlıq əməkhaqqı ilə əvəz edilməsi, həmçinin minimum əməkhaqqının artırılacağı ilə əlaqədar müzakirələr getməkdədir. Hər iki məsələ ilə bağlı xəbər Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Əmək bazarı" işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planına istinadən yayılıb.

 

Manset.az xəbər verir ki, bəs bu tədbirlərin mahiyyəti nədir və yaxın müddətdə əməkhaqlarında artım mümkündürmü?

Əvvəlcə ondan başlayaq ki, adıçəkilən Fəaliyyət Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu ilin oktyabr ayının 1-dək aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ilə bağlı təkliflərini hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. Nazirlik, eyni zamanda, noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərini də təqdim etməlidir.

"Qafqazinfo"nun məlumatına görə, aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəz edilməsi ölkənin beynəlxalq reytinqlərdəki mövqeyindən irəli gəlir. Belə ki, İqtisadi Azadlıq İndeksinin Əməyin azadlığı indikatoru 9 kəmiyyət altfaktoru əsasında hesablanır ki, bunlardan biri də minimum əməkhaqqıdır. Bu baxımdan aylıq minimum əməkhaqqının saatlıq minimum əməkhaqqı ilə əvəzlənməsi onun hesablanma metodologiyasına dəyişikliyi nəzərdə tutur.

Minimum əməkhaqqı ölkə başçısının müvafiq sərəncamı ilə artırılır. Minimum əməkhaqqının nə qədər artırılacağına gəlincə, sonuncu dəfə ötən ilin əvvəlində minimum əməkhaqqı 15 faiz artırılaraq 345 manata çatdırılıb. Bunu 2022-ci ildəki 13,9 faizlik inflyasiyaya cavab tədbiri kimi də qiymətləndirmək olar. Hərçənd ki, 2023-cü ilin sonuna inflyasiya 8,8 faiz olsa da, cari ildə minimum əməkhaqqı göstəricisi dəyişməyib. Bu baxımdan minimum əməkhaqqının artırılması ilə bağlı sözügedən təkliflərin 2025-ci ildə artımla nəticələnəcəyini gözləyənlər az deyil.

Lakin o da məlumdur ki, hazırda rəsmi statistikaya görə, inflyasiya minimuma enib, hətta aprel ayında illik göstərici sıfır faiz təşkil edib. Həmçinin əvvəlki illərin göstəriciləri onu deməyə əsas verir ki, minimum əməkhaqqının artması dövlət sektorunda çalışan hər iki nəfərdən birinin maaşının məbləğinə təsir edir. Bu da artım üçün kifayət qədər vəsaitin tələb olunmasından xəbər verir.

Ümumilikdə isə minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Yəni işçiyə minimum əməkhaqqı məbləğindən aşağı məvacib verilə bilməz. Burada söhbət ixtisassız əmək və xidmətə görə əməkhaqqından gedir. İxtisaslı əməyə görə, yəni mütəxəssis üçün isə minimum əməkhaqqı müəyyənləşdirmək olmaz.

Minimum əməkhaqqının artırılması ən əsası Vahid Tarif Cədvəlinə (VTC) uyğun əməkhaqqı alanların məvaciblərinin artması deməkdir. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı, balıqartırma sahələrində çalışanlar daxildir. Həmçinin dövlət orqanlarında çalışan, lakin dövlət qulluqçusu olmayan işçilər də bu sıraya aiddir.

Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməyinin ödənilməsi 19 dərəcə əsasında aparılır. Ən aşağı əməkhaqqı 1-ci dərəcə olmaqla minimum əməkhaqqıdır. Ən yüksək əməkhaqqı isə 19-cu dərəcə üzrə ödənilməklə 1125 manatdır.

Minimum əməkhaqqının artması muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir üzrə məcburi dövlət sosial sığorta haqlarına da təsir edir. Belə ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı minimum əməkhaqqına uyğun ödənilir. Məsələn, paytaxtda sahibkarlıq fəaliyyəti üzrə bu göstərici minimum əməkhaqqının 50 faizi, digər sahələrdə isə 25 faizidir. Nəticədə minimum əməkhaqqının artması bu sahədə dövlət sosial sığorta haqlarının da artacağı deməkdir.


Xəbər xətti

22 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin