Abdullahian Rey şəhərində dəfn olunacaq

14:34 - 22 May 2024

Abdullahian Rey şəhərində dəfn olunacaq

Helikopter qəzasında həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian sabah Tehranın cənubundakı Rey şəhərində torpağa tapşırılacaq.

 

Manset.az xəbər verir ki, bu barədə İranın “Mehr” Agentliyi məlumat yayıb.

Hüseyn Əmir Abdullahianla vida mərasimi cümə axşamı yerli vaxtla saat 09:00-da Xarici İşlər Nazirliyində keçiriləcək.

Abdullahianın nəşi sabah Rey şəhərindəki Əbdüləzim əl-Həsəninin (ə) məqbərəsinin yanında dəfn olunacaq.

İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmi şəxslərin olduğu helikopter mayın 19-da hava şəraiti səbəbindən qəzaya uğrayıb. Helikopterdəki  olan 9 nəfərin hamısı həlak olub.

Mühafizəkar şəxsiyyəti ilə tanınan Hüseyn Əmir Abdullahian 1964-cü ildə İranın Simnan vilayətinin Damqan şəhərində anadan olub.

O, atasını 6-7 yaşında ikən itirib.

1991-ci ildə Tehran Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirən Abdullahian ərəb və ingilis dillərini bilirdi.

O, Tehran Universitetinin Hüquq və siyasi elmlər fakültəsinin Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsinə və Tehran Universitetində Beynəlxalq münasibətlər üzrə doktorluq dərəcəsinə malik idi.

H.Abdullahian keçmiş prezident Mahmud Əhmədinejadın dövründə bir müddət Bəhreyndə səfir vəzifəsində çalışıb.

Daha sonra eks-prezidentlər Əhmədinejad və Həsən Ruhani dövründə xarici işlər nazirinin Ərəb və Afrika ölkələri üzrə müavini vəzifəsində çalışıb.

Hüseyn Əmir Abdullahian 3 il keçmiş xarici işlər naziri Cavad Zərifin müavini vəzifəsində çalışıb.

Nəhayət 2021-ci ilin avqustunda xarici işlər naziri təyin olunub.

Xarici işlər naziri vəzifəsindən əvvəl Abdullahian son olaraq parlament sədri Məhəmməd Baqir Qalibafın beynəlxalq əlaqələr üzrə xüsusi köməkçisi olub.

Abdullahianın xarici işlər naziri olduğu dövrdə Tehran və Ər-Riyad arasında 7 illik gərginlikdən sonra 2023-cü ilin martında diplomatik əlaqələrin bərpası və qarşılıqlı səfirliklərin açılması ilə bağlı İranla Səudiyyə Ərəbistanı razılıq əldə edib.

Hüseyn Əmir Abdullahian 1994-cü ildə ailə həyatı qurub, bir oğlu və bir qızı var.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin