Silahlı hücumda ağır yaralanan Slovakiyanın baş naziridən xəbər var

17:59 - 24 May 2024

Silahlı hücumda ağır yaralanan Slovakiyanın baş naziridən xəbər var

Slovakiyada silahlı hücumda yaralanan baş nazir Robert Fikonun sağlamlıq vəziyyətinin yaxşılaşdığı bildirilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Fikonun müalicə olunduğu Banska Bystrica şəhərindəki Ruzvelt Universiteti Xəstəxanası verdiyi açıqlamada 59 yaşlı baş nazirin sağlamlıq vəziyyətindəki yaxşılaşmanın davam edəcəyinə inandıqlarını bildiriblər.

Xəstəxana rəsmiləri “Baş nazirin sağlamlıq vəziyyəti stabildir, cüzi yaxşılaşma var” deyib.

Qeyd edək ki, Slovakiyanın baş naziri Robert Fiko mayın 15-də paytaxt Bratislavadan təxminən 180 kilometr şimal-şərqdə yerləşən Handlova qəsəbəsində mədəniyyət mərkəzinin qarşısında silahla hücuma məruz qalıb. 71 yaşlı təcavüzkar polis tərəfindən yaxalanıb və saxlanılan Juraj Cintula ifadəsində hökumətin siyasətini bəyənmədiyini bildirib.

Robert Fiko 2006-2010, 2012-2018-ci illərdə Slovakiyanın Baş naziri olub və 25 oktyabr 2023-cü ildə üçüncü dəfə baş nazir seçilib. Ukraynaya hərbi yardımı dayandıran və Rusiya ilə yenidən dialoqa başlayan Fiko "Rusiyayönlü siyasət yürütdüyü" üçün tənqid edilib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin