Xronika: Ermənilər rus əsgərlərinin gözü qarşısında avtobusu gülləbaran edirdilər - VİDEO

09:03 - 25 May 2024

Xronika: Ermənilər rus əsgərlərinin gözü qarşısında avtobusu gülləbaran edirdilər - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

 

Manset.az xəbər verir ki, “Ermənilər rus əsgərlərinin gözü qarşısında avtobusu gülləbaran edirdilər” adlı veriliş Loru mahalının Cəlaloğlu rayon sakini Allahverdi Yolçuyevin həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq, orta məktəb illərinin orada çox gözəl keçdiyini, ailədə 4 uşaq olduqlarını deyib: “Biz ailədə 4 uşaq olmuşuq. O illəri xatırlayanda istər-istəməz beynimdə o dağlar, meşələr, çaylar canlanır. Mənim uşaqlıq xatirələrim ora ilə bağlıdır. Yaşadığımız küçədə hamısı ermənilər idi. Bizi müxtəlif sözlərlə sancırdılar. Aprelin 24-də bizə deyirdilər ki, çölə çıxmayın, çox gəzməyin. Çünki onlar həmin gün sanki qudururdular”.

Onun sözlərinə görə, 4-cü sinfə keçəndə, 1969-cu ildə ailəsi Bakıya köçüb: “Orada bizə işləməyə imkan vermirdilər, acılayırdılar, sataşırdılar, yalandan tuturdular, şər atırdılar. Atam gördü ki, orda gələcək yoxdu. 1988-ci ildə isə bütün qohum-əqrəba didərgin düşüdü. Maşında gələndə ermənilər xalamın oğlu və gəlinini gülləbaran edib öldürüblər. Azərbaycanlılara qarşı böyük vəhşilik olub. Rus əsgərlərinin gözünün qabağında ermənilər avtobusu gülləbaran ediblər və itkilər olub. Çubuxlu (Kuybışev) kəndində qadının başını kəsmişdilər”.

A.Yolçuyev bildirib ki, yuxuda, xəyalımda ancaq doğulduğum yurdu, gəzdiyi məkanları görürəm, özümü orada təsəvvür edirəm: “Demişəm, kaş bir dəfə turist kimi gözümdə eynək, başqa bir ölkənin vətəndaşının sənədi ilə gedib evimizə baxardım. Çünki oralar bizim yurdumuzdur. Ermənilər ora Türkiyədən köçürülmüşdülər.

O sonda vurğulayıb ki, o günləri mən heç vaxt yadımdan çıxara bilmərəm: “Ümidvaram və inanıram ki, Böyük Qayıdış olacaq və mənim kimi milyonlarla Qərbi azərbaycanlı o günü gözləyir. Əvvəl-axır hamımız gedəcəyik. Oralar bizim olacaq. Bütün Qərbi azərbaycanlılar öz tarixi ata-baba yurduna qayıdacaqlar. Babalarımın, əmilərimin, nənəmin, qohum-əqrabalarımın qəbirləri ordadır. Mütləq qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş mayın 24-də saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin