Bu mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO

09:50 - 5 İyun 2024

Bu mebel sexinin fəaliyyəti dayandırıldı - VİDEO

Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian House” MMC-yə məxsus mebel sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. 

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki,mebel sexində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik xətləri yanar materialların üzəri ilə çəkilib;

- obyekt ərazisində yanğın su hovuzu mövcud deyil;

- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməyib;

- təxliyə planı mövcud deyil;

- obyektdə layihədən kənar taxta və polietilen materiallarla arakəsmələr quraşdırılıb;

- boya sexi havalandırma sistemi ilə təchiz edilməyib;

- mebel sexində taxta konstruksiyalı rəflər odadavamlı məhlulla hopdurulmayıb;

- sexin ətrafı yanar tullantılardan və quru otlardan təmizlənməyib;

- obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, icbari qaydada sığortalanmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Caspian House” MMC-yə məxsus mebel sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin