Təhsilverənlərin təkrar sertifikatlaşdırılması üzrə test imtahanları keçirildi

20:20 - 8 İyun 2024

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması üzrə test imtahanları keçirildi

İyunun 8-də təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil olunub.

 

Manset.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, test imtahanları 16 şəhər üzrə 29 imtahan mərkəzini əhatə edib. İmtahanda 95% davamiyyət qeydə alınıb.

Test imtahanının nəticələri günün sonunadək müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək. Müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsi vasitəsilə nəticələrlə tanış ola biləcəklər.

Nəzərə çatdırılıb ki, müəllimlər imtahanda təqdim edilən suallarla bağlı müraciətlərini 10 iyun saat 10:00-dan portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Müraciətlər 72 saat (3 gün) ərzində qəbul olunacaq. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Əlavə olaraq bildirilib ki, təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.

Təkrar imtahanda keçid balını toplamayan təhsilverənlərlə iş üzrə komissiyalar 10 iyun tarixindən fəaliyyətə başlayacaq. Yerli təhsili idarəetmə orqanlarında yaradılmış bu komissiyalar tərəfindən təhsilverənlərin alternativ iş imkanlarına baxılacaq.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin