Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü - VİDEO

21:06 - 8 İyun 2024

Siqaret çəkdiyi üçün qardaşını danlayan atasını öldürdü - VİDEO

2023-cü il iyulun 9-na keçən gecə 1993-cü il təvəllüdlü Pərvin Yusifli yaşadığı evdə atası, 1968-ci il təvəllüdlü Rəsul Yusifovu öldürməsi barədə polisə məlumat verib.



Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, hadisə Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsindəki mənzillərin birində baş verib.

Mənzilə baxış keçirən istintaq qrupu Rəsul Yusifovun meyitini döşəmə üzərində uzanmış vəziyyətdə aşkar edib. Hadisə yerindən bıçaq və qan ləkələrindən nümunələr götürülüb.

Fakt üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən edilib ki, iyulun 9-u gecə saat 2 radələrində Rəsul Yusifov otağa girəndə oğlu Elvinin eyvanda siqaret çəkdiyini görüb. Elvin içəri keçəndə atası onu sərt şəkildə danlayıb və üzünə iki dəfə şillə vurub.

Epilepsiya xəstəliyindən əziyyət çəkən qardaşına qarşı etdiyi zorakılıq hərəkətlərinə görə Pərvin Yusifli atasından qisas almaq qərarına gəlib. Pərvin məhkəmə iclasında bildirib ki, Elvinin siqaret çəkməsinə əsəbiləşən atası hətta onu zorla mənzildən çıxarmaq istəyib. Ancaq o, araya girərək belə etməməsini xahiş edib. Daha sonra atası əsəbi halda öz otağına keçib. Pərvin isə Elvinlə digər otaqda oturaraq televizora baxıblar.

Başının ağrıdığını deyən Elvin yatmağa getsə də, atasının hərəkətindən əsəbiləşən Pərvin yatmayıb. Gecə saat 3 radələrində mətbəxə keçərək bıçağı götürüb və atasının yatdığı otağa girib.

Otağın işığını yandıranda atası gözlərini açıb, nəyə görə gəldiyini soruşub. Pərvin Yusifli heç nə demədən onun üstünə atılıb və əlindəki bıçaqla Rəsul Yusifova kortəbii şəkildə zərbələr vuraraq onu qətlə yetirib. Törətdiyi cinayət barədə polisə də elə Pərvin özü məlumat verib.
Məhkəmə iclasında Pərvin Yusifli ittiham üzrə özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbər xətti

13 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin