Hansı heyvanlar qurban kəsilə bilər? - Fətva verildi

11:02 - 11 İyun 2024

Hansı heyvanlar qurban kəsilə bilər? - Fətva verildi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib.

 

Bu barədə Manset.az-a QMİ-dən məlumat verilib.

“Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq - böyük savab sayılır. Unutmaq lazım deyil ki, uca Allah müqəddəs Qur`ani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır: “Onların (qurbanların) nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Ona çatan yalnız sizin təqvanızdır...” (Həcc; 37) Bu ayədəki ilahi hikmətə inanan hər bir kəs Qurban ibadətinin mahiyyətini təhrif etməkdən, bidətçi yanaşmalardan çəkinməlidir.

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır, çünki belə davranmağı Əziz Peyğəmbərimiz (s) bizlərə tövsiyə edib.

Qurbankəsmə ayini təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra edilməlidir. Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır.

Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir. Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur.

Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının 32/105 saylı 27 may 2024-cü il tarixli məktubuna əsasən, Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 16 iyun tarixinə təsadüf edəcək. Şəriətə uyğun olaraq Qurban kəsimi 16 iyun tarixindən başlayaraq 3 gün davam edə bilər.

İyun ayının 16-da məscidlərimizdə Bayram namazları qılınacaq”, - fətvada bildirilib.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin