Bakıda Rusiya Mədəniyyəti Günlərinin açılış mərasimi oldu - FOTO

12:41 - 25 İyun 2024

Bakıda Rusiya Mədəniyyəti Günlərinin açılış mərasimi oldu - FOTO

İyunun 24-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə iki ölkənin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər iştirak ediblər. 
Mərasimdə çıxış edən Rusiya mədəniyyət nazirinin müavini Andrey Malışev nümayəndə heyətinin səmimi qarşılanmasına və Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinə dəstəyinə görə Azərbaycan Respublikası hökumətinə təşəkkürünü bildirib. 

Qeyd olunub ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirir. Azərbaycanda Rusiya Mədəniyyəti Günləri sonuncu dəfə 2019-cu ildə təşkil edilib: “İstəyirik ki, bundan sonra bu tədbiri ildə bir dəfə olmaqla mütəmadi keçirək. Məhz bu kimi mədəni layihələr iki dövlətin strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrinin daha da inkişafına şərait yaradır. İnanıram ki, bu gün Rusiyalı incəsənət ustalarının azərbaycanlı həmkarları ilə birgə çıxışı da bu əməkdaşlığın ən gözəl nümunəsi kimi alqışlanacaq”.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında Azərbaycan və Rusiya arasında mədəni əlaqələr dinamik şəkildə inkişaf etdiyini bildirib.

Çıxışlardan sonra möhtəşəm qala konsert təqdim olunub. Konsertdə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (dirijor – Rusiyanın Əməkdar artisti İvan Rudin) Aleksey Melnikov (fortepiano), Sergey Doqadin (violin) və Mariya Barakovanın (mezzo-soprano) çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb. Gecədə  Azərbaycan vokalçılarının rusiyalı ifaçılarla birgə səhnəni bölüşməsi də böyük alqış doğurub. 

P.Çaykovski, S.Raxmaninov, D.Şostakoviç və N.A.Rimski-Korsakovun əsərlərinin yer aldığı proqram tamaşaçılara unudulmaz anlar bəxş edib. 

Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində iyunun 25-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Rusiyadan gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın aktyor sənəti, Alina İvaxın vokal üzrə ustad dərsləri təşkil olunacaq.

Həmin gün sənətsevərlər Akademik Rus Dram Teatrında Moskva Quberniya Teatrının Aleksandr Ostrovskinin "Ailə şəkli" ("Семейная картина", 1847) pyesi əsasında hazırladığı eyniadlı tamaşanı izləyəcəklər.



Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin