“Yaşıl dünya naminə media həmrəyliyi” - TƏHLİL

16:50 - 10 İyul 2024

“Yaşıl dünya naminə media həmrəyliyi” - TƏHLİL

Bu gün Azərbaycan dünya birliyində artıq təkcə əsas enerji ixrac edən ölkə, ən müxtəlif sivilizasiyaların qovuşduğu etibarlı məkan kimi tanınmır. Həm də ölkəmiz artıq yaşıl enerji siyasəti üçün ən təşəbbüskar ölkə kimi də dünya gündəmindədir. Bu yaxınlarda Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgiləri Azərbaycanın bu istiqamətdəki mühüm addımlarından xəbər verir. İyunun 21-də Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi də Azərbaycanın yaşıl gündəliyini geniş şəkildə ehtiva edir. Bu müsahibə həm də bu istiqamətdə bütövlükdə regionun perspektiv enerji xəritəsini müəyyənləşdirmək üçün mühüm əhəmiyyətə malikdir. Xüsusən Azərbaycanın COP29-a ev sahibliyi etməsi fonunda dünyanın təmiz enerjiyə transformasiya nəbzinin Azərbaycanda döyündüyünü nəzərə alsaq, dövlətimizin başçısının verdiyi bəyanatların həlledici əhəmiyyəti olduğunun şahidi oluruq.

 Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizədə qətiyyətinin göstəricisidir.Bu gün COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə həm də böyük məsuliyyət qoyur. 

Filologiya elmləri doktoru və Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, MEDİA-nın Müşahidə Şurasının üzvü Vüqar Zifəroğlu Manset.az-a açıqlamasında bildirib ki, ekologiya ilə bağlı olan problemlər bu gün qlobal mənada bəşəriyyəti düşündürən ən vacib məsələlərdəndir:

“Bilirsiniz ki, bu istiqamətdə ölkəmizdə və dünyada kifayət qədər ciddi işlər görülür. Beynəlxalq tədbirlərin təşkili, keçirilən müxtəlif forumlar və beynəlxalq təşkilatların bununla bağlı atdığı böyük addımlar görülən işlərin göstəriciləridir. Sözsüz ki, hər bir ölkə ekoloji problemlərin aradan qaldırması istiqamətində öz töhfələrini verməyə və var olan problemləri aradan qaldırmağa çalışır.Azərbaycanın ekoloji problemlərə yetərincə həssas yanaşdığı artıq hər kəsə bəllidir. Məsələ yalnız ümumbəşəri dəyər kimi ekologiyanın təmiz və saf olması üçün çalışmaqdan ibarət deyil.Bu eyni zamanda Azərbaycanın uzun illər ekoloji terrora məruz qalması ilə bağlıdır. Ölkəmiz ekoloji terrordan əziyyət çəkib və bunun nə qədər çətin olduğunun fərqindədir. Bu səbəbdən biz ekoloji problemlərə daha həssas yanaşır və daim gündəmdə saxlamağa çalışırıq. Hər kəs görür ki, ölkəmiz ekoloji məsələlərdə hər zaman aktivdir və dəqiq hesablanmış məsələlərlə çıxış edir”.

Vüqar Zifəroğlu qeyd edir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə təşkil edilməsi yerli media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür:

“Bu il ölkəmizdə "Yaşıl dünya həmrəylik ili" elan edildi və COP29 kimi olduqca böyük, qlobal miqyasda ciddi əhəmiyyətə malik bir tədbir keçiriləcək. Media ictimai rəyi formalaşdıran ən vacib təchizatdır. Məhz bu səbəbdən jurnalistlərin üzərinə böyük iş düşür.

Beynəlxalq jurnalistikaya nəzər saldıqda görmək olar ki, hətta müasir dövrdə "ekoloji jurnalistika" deyilən ayrılca müstəqil bir sahə var. Bu sahə birmənalı şəkildə ekologi problemlərin gündəmə gətirilməsində, problemlərin aradan qaldırılması üçün böyük səy göstərən ekoloji ekspertlərin tanınmasında və beynəlxalq miqyasda maarifləndirmə tədbirləri aparılmasına xidmət edir.  Sözsüz ki, Azərbaycan jurnalistləri də var olan problemləri ictimaiyyətə çatdırmaqda öz töhfələrini verməkdədir. Müşahidə edirik ki, Azərbaycan mediasında bu sahədə olan məsələlər kifayət qədər ciddi işıqlandırılır.

Eyni zamanda mən çox arzu edirəm ki, gələcək zamanlarda ölkəmizdə də "ekoloji jurnalistika" sahəsi geniş inkişaf etsin.Çünki istər qlobal mediada, istər ölkəmizlə bağlı olan müstəvidə bizə tətbiq edilən ekoloji terror, yəni ermənilərin uzun illər çaylarımızı, bulaqlarımızı çirkləndirməsi və qurutması, meşələrimizi yandırması, təbii sərvətlərimizin talan edilməsi çoxşaxəli mövzudur. Bu baxımdan mən düşünürəm ki, bu istiqamətdə bir sahə jurnalistikasına da böyük ehtiyac var və bu mütləq  nəzərə alınmalıdır”.

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirir ki, bu il ölkəmizin bütün rəsmi qurumları "Yaşıl dünya həmrəylik ili" ilə bağlı müxtəlif tədbirlər keçirirlər. Ona görə də, bu sahədə keçirilən tədbirlərin işıqlandırılması jurnalistlərin üzərinə düşür:

“Bizim jurnalistlər maarifləndirmə və təbliğat işlərində fəal iştirak etməlidirlər. 

Eyni zamanda biz mətbuat şurası olaraq müşahidə edirik ki, bu mövzuda keçirilən müxtəlif müsabiqələrdə jurnalistlər öz operativliyini mətbuat üzərində sübut edirlər. Elə yaxın günlərdə Dəmiryolu idarəsinin buna bənzər mövzuda mətbuat şurası ilə birgə  keçirdiyi müsabiqədə iştirakçıların marağı və yazıların keyfiyyəti göstərdi ki, bizim jurnalistlər "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı mövzulara biganə deyillər, hətta olduqca fəaldırlar və cəmiyyətin maarifləndirilməsi üçün olduqca düzgün təbliğat aparmaqdadırlar. COP29 çox məsuliyyətli və bütün dünya üçün olduqca vacib bir tədbirdir. Bu tədbirin "sağlam planet uğrunda" və "sağlam gələcək uğrunda" şüarları mətbuat işçiləri üçün də öndəgedən şüarlardandır.Bu yaxınlarda Şuşada "Türk dövlətləri təşkilatı"nın "Qarabağ" bəyannaməsində də həmin məsələ xüsusi vurğulandı.

Mətbuat Şurasının sədri əlavə edib ki, “Yaşıl dünya naminə media həmrəyliyi” istiqamətində media subyektləri və onların əməkdaşları böyük əmzlə çalışırlar və onlar istənilən dezinformasiyanın qarşısını almağı bacarırlar:

“Ümumiyyətlə dövlət qurumlarının keçirdiyi tədbirlər fikrimcə, jurnalistlər üçün əsas təbliğat və təşviqat yönümlərindən biridir.Müşahidələrimiz əsasında deyə bilərəm ki, media subyektləri də bu istiqamətdə böyük əzmlə çalışmaqdadır.

Ölkəmizdə belə böyük beynəlxalq bir tədbirin keçirilməsi sözsüz ki, bizi sevməyən düşmən qüvvələri də qıcıqlandırır və onlar hər fürsətdə Azərbaycanı aşağılayacaq, bu sahədə Azərbaycana qarşı addımlar atırlar. Bu səbəbdən belə dezinformosiyanın yayılması anında media subyektləri çevik və operativ olmalıdır. Eyni zamanda əsl həqiqətlərin düzgün işıqlandırılması üçün çalışmalıdırlar. Əlbəttə bu olduqca məsuliyyətli bir işdir.Zənnimcə, hazırda sosial medianın inkişafı və Azərbaycana qarşı olan müəyyən qüvvələrin fəallığı göstərir ki, biz öz işlərimizdə olduqca uğurluyuq və bu uğurlu siyasətlə daha da irəliyə doğru irəliləməliyik”.

 

 

 


Xəbər xətti

24 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin