YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbyacanda ilk dəfə siyasi hakimiyyətə gəlməyinin 55-ci il dönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun başlanğıcı” adlı tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbirin rəsmi hissəsindən öncə Fəxri Xiyabanda müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarı önünə tər gül dəstələri düzülüb. Sonra Yasamal rayonunda yerləşən Şəhidlərin Xatirə Kompleksi ziyarət olunaraq şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub, Kompleks önünə gül dəstələri düzülüb.
YAP Yasamal rayon təşkilatında baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndər Heydər Əliyevin Azərbyacanda ilk dəfə siyasi hakimiyyətə gəlməyinin 55-ci il dönümünə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü Misir Mərdanov, “Bakı Metropoliteni” QSC-nin inşaat sektorunda uzun illər səmərəli fəaliyyət göstərmiş, ölkəmizdə tikinti və sənaye sahəsində çalışmış Şaiq Eyubov və Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əskərov bildiriblər ki, 1969-cu ilin 14 iyul günü Azərbaycanın tərəqqi yolunun başlandığı əlamətdar bir gün kimi tariximizə həkk olunub. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi həmin gün respublikamız inkişaf dövrünə qədəm qoyub. Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində özünün yorulmaz fəaliyyəti, müdrik və uzaqgörən qərarları, tükənməz enerjisi, qətiyyəti ilə Azərbaycanı keçmiş sovetlər birliyinin ən geri qalmış aqrar ölkəsindən ittifaqın ən qabaqcıl və müstəqil şəkildə özünü təmin edə bilən bir ölkəsinə çevirib. Həmin illərdə xalq təsərrüfatının bütün sahələrində öz tarixində görünməmiş artım templəri nümayiş etdirən Azərbaycanda milli gəlirin və əmək məhsuldarlığının dəfələrlə artımı baş verib. Qeyd olunan dövrdə respublikadan kənara oxumağa göndərilən tələbələrin illik sayı əvvəlki dövrlərə nisbətən 10 dəfəyə qədər artıb, milli iqtisadiyyatın tələbləri əsasında işçi qüvvəsi yetişdirmək üçün orta ixtisas və ali təhsil məktəbləri şəbəkəsi dəfələrlə genişləndirilib, məşğulluğun artımı yanaşı, əməkhaqqı və digər sosial ödənişlərin dəfələrlə artırılması təmin edilib. Qeyd olunub ki, bu gün ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davamlı olaraq inkişaf etdirilməsi nəticəsində Azərbaycan dinamik inkişafa nail olub, mühüm tarixi uğurlara, Qələbələrə imza atıb. Bu gün ölkəmiz ulu öndər Heydər Əliyev ideyları ilə inkişaf edir. Bu ideyalar da öz növbəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfərlərin əldə olunmasının təməlini təşkil edir.
Çıxışlardan sonra rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, Partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri və YAP Yasamal rayon təşkilatında könüllülük fəaliyyətini uğurla başan vuran könüllülərə sertifikatlar təqdim edilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.