Türkiyədə instaqram hansı halda açıla bilər?

10:04 - 3 Avqust 2024

Türkiyədə instaqram hansı halda açıla bilər?

Xəbər verdiyimiz kimi, ötən gün səhər saatlarından Türkiyədə instaqrama giriş bloklanıb. Ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi bloklanmanın instaqramın qoyduğu qadağalar arasında yer alan çoxsaylı cinayət paylaşımları ilə bağlı şərtlərə əməl edilməməsi ilə əlaqəli olduğunu açıqlayıb.

 

Manset.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu instaqrama giriş qadağasını belə əsaslandırıb: “İnstaqrama cinayət paylaşımları ilə bağlı xəbərdarlıq etdik, lakin lazımi cavabı ala bilmədiyimiz üçün giriş bloku tətbiq etdik.

Çatışmazlıqlar ortadadır. Həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yaxın saatlar ərzində girişə bloku götürəcəyik. Biz açıq şəkildə hamının qanuna tabe olmasını istəyirik”.

Nəqliyyat və infrastruktur nazirinin müavini Ömər Fatih Sayan da “X” hesabında məsələ ilə bağlı açıqlama verib. O da sözügedən platformanın Qərb ölkələrində bir çox mövzuda, xüsusilə cinayət paylaşımları ilə bağlı sürətlə tədbirlər gördüyünü qeyd edib. Nazir müavini eyni şərtlərin Türkiyə üçün də tətbiq olunmalı olduğunu bildirib: “Biz əvvəldən eyni həssaslığı və ədalətli mövqeyi tələb edirik. Biz bu platformaların qaydalarına əməl etdikləri ölkələrdə təqdim etdikləri təhlükəsiz, təmiz və ədalətli məzmun mexanizminin Türkiyədə də etibarlı olmasını istəyirik. Provayderlər tərəfindən tətbiq edilən bu ikili standart bütün dünyada ümumi problemdir.

Dedik, gəlin ölkəmizdə nümayəndəliklər açın, xalqımızın hüquqlarının pozulmasının qarşısını alaq. Onlar gəlmək istəmirdilər. Onlara bildirilən cinayətlərlə bağlı lazımi addımlar atmayıblar. “Bildiyimi oxuyuram, istədiyimi dərc edirəm, istədiyimi dərc etmirəm” deyirlər. Biz bunu qəbul etmədik və qəbul etməyəcəyik. Dəyərlərimizə hörmət edən, dezinformasiyadan uzaq, daha təmiz və təhlükəsiz sosial media qurmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, 2024-cü ilə olan məlumata görə, Türkiyədə təxminən 58,3 milyon instaqram istifadəçisi var. Bu rəqəm ölkə əhalisinin 67,8%-nə uyğundur. İstifadəçilərin 52,9 faizi kişi, 47,1 faizi isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan ibarətdir.

Xatırladaq ki, rəsmi açıqlamada bloklanmaya səbəb paylaşımlara qəsdən adam öldürmə, intihara təşviqetmə, miqrant qaçaqmalçılığı, uşaqların cinsi istismarı, işgəncə, dərmanların istifadəsini asanlaşdırmaq, düşmənlə əməkdaşlıq, dövlət təhlükəsizliyi və ya konstitusiya nizamı əleyhinə cinayətlər törətmək üçün təşkilatın yaradılması, Türkiyə Cümhuriyyəti hökumətinə qarşı silahlı üsyan, sağlamlıq üçün təhlükəli maddələrin təchizatı, fahişəlik, cinayət törətmək üçün təşkilat yaratmaq cəhdi, qumar üçün məkanların təmin edilməsi, Atatürkə qarşı törədilən cinayətlər, soyqırım cinayəti, dövlətə qarşı müharibəyə çağırış, insan alveri cinayəti, oğurluq, dövlətin birliyini və ölkənin bütövlüyünü pozmaqla bağlı maddələr daxildir.


Xəbər xətti

9 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin