Hesablama Palatası bu nazirlikdə nöqsanlar aşkarladı

15:07 - 6 Avqust 2024

Hesablama Palatası bu nazirlikdə nöqsanlar aşkarladı

Hesablama Palatası Gənclər və İdman Nazirliyində dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin auditini aparıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Palatadan bildirilib.

Gənclər və İdman Nazirliyi (Nazirlik) tərəfindən dövlət vəsaitinin və digər dövlət əmlakının istifadəsinin hüquqi aktların tələblərinə uyğununun qiymətləndirilməsi məqsədi daşıyıb.

Kənar dövlət maliyyə nəzarət tədbiri ilə 2022-ci ildə 38987,3 min manat, 2023-cü ildə 56833,7 min manat olmaqla ümumilikdə 95821 min manat vəsait əhatə edilib.

Hesablama Palatası tərəfindən Nazirlik nəzarət obyekti olaraq mütəmadi olaraq seçilir və cari auditin nəticələri bir sıra nöqsanların təkrarlandığını göstərir. Yarışlarda uğur qazanmış idmançıların və məşqçilərin mükafatlandırılması istiqamətində bəzi nöqsanlar hüquqi aktların yaradılması və təkmilləşdirilməsi yolu ilə aradan qaldırılsa da, idman yarışlarının keçirilməsi və yarışlara hazırlıq, eləcə də gənclər siyasəti ilə bağlı xərclərin icrasında əvvəlki auditlə müəyyən edilmiş analoji nöqsanlar az olmayıb. Dövlət büdcəsindən ayrılan vəsaitlərə ehtiyacın çərçivəsinin müəyyənləşdirilməsi məqsədilə proqnozların tərtibi zamanı bir sıra istiqamətlər üzrə ümumilikdə formalaşmış meyillərin nəzərə alınmaması proqnoz və icra məbləğləri arasında kəskin fərqlərə səbəb olub, həmçinin bəzi xərclərdə dəqiqləşdirmələr aparıldığı halda icra səviyyəsi az olub, bir sıra xərclərdə isə icra prosesində aparılmış dəqiqləşmələrin davranış meyli icra ilə fərqlənib.

Təsdiq edilmiş büdcə vəsaitlərinin maliyyələşdirilməsi və icrası ilə bağlı da hüquqi aktların bəzi tələblərinə əməl olunmamış, büdcə təsnifatına uyğun olaraq xərclərin müəyyən edilmiş rüblük və aylıq bölgüsünə riayət edilməmiş, auditin əhatə etdiyi illərdə açılmış maliyyələşmə və icra məbləğləri bir çox aylarda vəsaitlərin ahəngdar icranı təmin etmək məqsədi daşıyan və müvafiq qaydada təsdiq edilmiş bölgüdən fərqli olmuşdur. Hər iki ildə son rübdə maliyyələşmə və icra məbləğləri cəmi xərclərin böyük hissəsini təşkil etmiş, 2022-ci ildə oktyabr-dekabr aylarında cəmi maliyyələşmə məbləğinin 48,9%-i açılmış, icra edilmiş vəsaitin isə 56,4%-i bu ayların payına düşmüş, dekabr ayının payı 33,5% təşkil etmişdir. 2023-cü ildə də son rübün payı rüblük bölgüyə, əsasən, uyğun olsa da, aylar üzrə kəskin fərq müşahidə olunmuş, həmin rüb və dekabr ayında icra edilmiş vəsaitin çəkisi müvafiq olaraq 41,7% və 29,5% olmuşdur. Açılmış maliyyələşmə və kassa icrası arasında da uyğunsuzluq mövcud olmuş, belə ki, bəzi aylarda tələb olunandan artıq maliyyələşmə açılmış, həmin aylar üzrə yaranmış qənaət hesabına digər aylarda icra edilmiş vəsaitin məbləği müvafiq dövr üçün açılmış məbləğdən çox olmuşdur

Ümumiyyətlə, proqnozların əsaslı tərtib edilməməsi funksiyaların icrasını təmin etmək məqsədilə tələb olunan dövlət vəsaitinə əlavə tələbatı formalaşdırmaqla ilin sonunda daha çox qalıq vəsaitin də yaranması ilə nəticələnmiş, maliyyələşmə qalığının formalaşmasına təsir göstərən digər bir amil də dəqiqləşdirilmiş büdcə göstərisindən daha çox maliyyələşmənin açılması olmuşdur. Belə ki, hər iki ildə bu hala rast gəlinmiş, yaranan fərq məbləği "Büdcə sistemi haqqında" Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinin tətbiqinə şərait yaradılmışdır. 2022-2023-cü illərdə dəqiqləşdirilmiş büdcənin müvafiq olaraq 0,6%-i və 1,1%-i qədər vəsait ehtiyat fonda yönəldilmişdir. "Funksional fəaliyyət-tələb olunan vəsait" uyğunluğunun düzgün təmin edilməməsi əvvəlcədən nəzərdə tutulmuş tədbirlərin icrası prosesində zəruri vəsaitlərin dövlət büdcəsinin funksional təsnifatının dəyişdirilməsi ilə istifadəsinə şərait yaratmışdır. Belə ki, beynəlxalq səviyyəli tədbir olan İslam Əməkdaşlıq Təşkilatının gənclər və idman nazirlərinin Daimi Şurasının Bakı şəhərində keçirilmiş 3-cü iclası, eləcə də Göygöl rayonunda keçirilmiş "II Milli Yaylaq Festivalı" büdcə xərclərinin funksional təsnifatı dəyişdirilməklə gənclər siyasəti ilə bağlı xərclərdən icra edilmişdir. Kadr potensialının idarə olunması ilə bağlı əvvəlki auditlə müəyyən edilmiş nöqsanların aradan qaldırılmaması, o cümlədən təsdiq olunmuş ştat sayı üzrə dövlət qulluqçularının müvafiq qaydada işə götürülməsi ilə bağlı fəaliyyətin tam təmin olunmaması dövlət büdcəsindən ayrılan vəsaitin icra səviyyəsinə təsir göstərmiş, vergi qanunvericiliyinin tələblərinə düzgün əməl olunmaması dövlət büdcəsinin potensial gəlirlərin toplanmasına şərait yaratmamışdır.

İdman yarışlarında nailiyyətlərə görə mükafatlandırma ilə bağlı əvvəlki auditlə müəyyən edilmiş nöqsanların bir qisminin aradan qaldırılması və bu istiqamətdə hüquqi aktların təşkmilləşdirilməsi üzrə fəaliyyətin həyata keçirilməsi fonunda cari auditlə aşkar olunmuş nöqsanlar mükafatlandırma ilə bağlı qərar və qaydaların tələblərinə tam əməl edilməməsi ilə əlaqəli olmuş, bu nöqsanlar öz növbəsində düzgün olmayan ödənişlərə şərait yaratmaqla dövlət vəsaitinə əlavə tələbat formalaşdırmışdır. Cari auditlə Nazirlik tərəfindən qeyri-olimpiya proqramlarına daxil olan idman növləri üzrə nöqsanların aradan qaldırıldığı, lakin Dünya və Avropa çempionatları və birinciliklərində komanda hesabı ilə yer tutan idmançıların mükafatlandırılması üzrə nöqsan hallarının davam etdiyi müəyyən olunmuşdur. Beynəlxalq idman yarışlarında yüksək nəticə göstərmiş idmançıların və heyətin mükafatlandırılması məqsədilə dövlət büdcəsindən ayrılmış məqsədli vəsaitlərin düzgün idarə olunmaması dövlət vəsaitlərinin "Azəridmanservis" MMC-nin sərəncamında saxlanılmaqla büdcəyə qaytarılmaması ilə nəticələnmişdir. Yarışlarda iştirakın təmin edilməsi və bu yarışlara hazırlıqla bağlı təlim-məşq toplantılarının keçirilməsi istiqamətində vəsaitlərin icrası zamanı günlərin düzgün nəzərə alınmaması, nəzərdə tutulmayan xərclərin, eləcə də iştirak olmadığı halda yemək və yataq xidmətlərinin maliyyələşdirilməsi artıq xərclərin yaranmasına səbəb olmuş, eləcə də bir sıra hallarda təsdiqedici sənədlərin olmaması vəsaitin təyinatı üzrə istifadəsinin müəyyənləşdirilməsi imkanlarını məhdudlaşdırmışdır.

Audit sübutları ilə müəyyən edilmişdir ki, Nazirlik tərəfindən təqdim edilmiş proqnoz göstəricilərinə daxil olmadığı, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11.10.2018-ci il tarixli 440 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vahid büdcə təsnifatı"nda nəzərdə tutulmadığı halda idman yarışlarında iştirakla bağlı xərclərin icrası prosesində bir sıra hallarda vəsaitlər məqsədli istiqamətlərdən kənar xərclərə, o cümlədən KİV nümayəndələrinin və azarkeşlərin yarışların keçirildiyi ölkələrə səfərinin maliyyələşdirilməsinə yönəldilmiş, eləcə də həmin xərclərin ödənilməsi zamanı iştirak etmədiyi halda və günlərin çox yazılması səbəbindən əlavə xərclərə yol verilmişdir. Nazirlik tərəfindən ölkədə gənclər siyasəti tədbirlərinin əlaqələndirilməsinə və onların həyata keçirilməsinə köməklik göstərilməsi ilə bağlı xərclərdən gənclərə fərqli istiqamətlərdə təlimlərin təqdim olunması ilə bağlı tədbirlər həyata keçirilmiş, bu tədbirlər çərçivəsində təlim saatlarının nəzərdə tutulandan az keçirilməsi, müvafiq rayon və ya şəhərlər üzrə təlimlərdə iştirak etdiyi rəsmiləşdirilmiş iştirakçıların və dərs saatlarının faktiki sayının bəzi hallarda fərqli olması halları müəyyən edilmişdir ki, bu da, öz növbəsində, artıq və düzgün olmayan xərclərin yaranması ilə yanaşı məqsədli ayrılmış vəsaitlərin həmin məqsədlərə nail olunması istiqamətində iştirak payını məhdudlaşdırmışdır. Funksional fəaliyyət çərçivəsində respublika səviyyəli və beynəlxalq tədbirlərin həyata keçirilməsi prosesində qüvvədə olan hüquqi aktların ezamiyyə və yemək xərcləri, həmçinin xarici və yerli qonaqlara münasibətdə müəyyən etdiyi norma və tələblərə əməl olunmaması büdcə vəsaitlərinin artıq icrasına şərait yaratmışdır. Müxtəlif tədbirlərin keçirilməsi zamanı istifadə edilmiş aktivlərin uçota alınmadan xərcə silinməsi, inventarizasiyanın müvafiq qaydada həyata keçirilməməsi, əvəzsiz verilmiş avadanlıqların uçota alınmaması, ehtiyatların hərəkətinin və düzgün istifadəsinin təmin edilməməsi, ehtiyatların müəyyən olunmuş normalar üzrə xərcə silinməməsi, uzun müddət istifadə olunmayan ehtiyatların, habelə anbarda olan qalıq barədə məlumatın müəyyənləşdirilməməsi istifadədə olan dövlət əmlakı ilə bağlı məlumatların təhrifinə səbəb olmuşdur. Eləcə də aktivlərin təsdiqedici sənədlər olmadan, eləcə də uçota alınmadan xərcə silinməsi dövlət əmlakının sonrakı istifadəsinə şərait yaratmamaqla yanaşı nəticəli və səmərəli yanaşmaların tətbiqini məhdudlaşdırmışdır.


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin