Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - TƏHLİL

14:02 - 1 Avqust 2024

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı - TƏHLİL

Hər bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Son illər bu diqqət və qayğı daha da artıb. Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası və s. buna sübutdur. 

Əlbəttə hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı təhsil də önəmli yer tutur. Digər tərəfdən, bunlar bir-biri ilə mütləq uzlaşmalıdır. Uşaq və gənclərin sağlamlığı, fiziki cəhətdən inkişaf etməsi istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər təkzib edilə bilməz. 

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən  Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin VI çağırış deputatı Tahir Rzayev bildirib ki, hər bir Azərbaycan vətəndaşının sağlamlığı, onun təhlükəsizliyinin təmin olunması, mənəvi-psixoloji durumunun doğru qaydada inkişafı dövlətin əsas vəzifələrindən sayılır:

Picture background

"Bu gün dövlətimizin istər mədəni, istər idman sahəsində beynəlxalq miqyasda keçirdiyi və mediada nümayiş etdirdiyi tədbirlər bilavasitə uşaq və gənclərin mənəvi aləmini zənginləşdirməyə xidmət edir. Ölkəmizdə bu sahədə bir çox dövlət proqramları yaradılır, tədbirlər keçirilir, qanunlar qəbul edilir. Məsələn, Azərbaycan Respublikası Prezidentinin 6 fevral 2006-cı il Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Komitənin fəaliyyəti çoxşaxəlidir. Problemlərlə maraqlanmaq və həll yolunu tapmaq, maarifləndirici bir sıra tədbirlər keçirmək və s. buna misal göstərmək olar.

Bəzən şahid olurduq, bir sıra analitiklər və ekspertlər Azərbaycan gəncliyinin inkişafı ilə bağlı mənfi mənalı mülahizələr irəli sürürdülər. Onların fikrincə, gənclik düzgün formalaşmayıb. Hətta bunu nəinki ölkəmizdə, ölkədən xaricdə yaşayan və Azərbaycana düşmən olan şəxslər də söyləyirdilər. Lakin 44 günlük müharibədə gənclər sübut etdik ki, Azərbaycan gənci mərddir, vətən uğrunda canından keçir, ən böyük şücaəti göstərir və əsl qəhrəmandır. Nəinki cəbhədə bu gün hər bir sahədə gənclərin fəaliyyəti məqbul hesab olunur. İstər elm sahəsində, dəfələrlə bizim tələbələr beynəlxalq səviyyəli ali təhsil müəssisələrinə qəbul qazanıblar. İstər idman sahəsində, məsələn, hazırda Paris-2024 Yay Olimpiya Oyunları keçirilir. Gənclərimiz oradan qızıl, gümüş medallarla vətənə qayıdırlar. Heydər Əliyev fondunun xidmətləri bu sahədə çox böyükdür. Həm uşaq və gənclərin sağlamlığı ilə bağlı, həm intellektual səviyyələrinin yüksəldilməsi ilə bağlı, həm də gənclərin mənəvi aləminin zənginləşdirilməsi ilə bağlı Heydər Əliyev fondu və Leyla xanım Əliyevanın göstərdiyi xidmətlər danılmazdır.  

Zənnimcə, gənclərin ilkin tərbiyəsinə həmişə ailə cavabdehdir. Bəzi insanlar bunu təhsil müəssisələrinin üzərinə atırlar. Yanlışdır. Əgər valideynlər uşağa ilkin tərbiyəni düzgün formada aşılamırsa sonradan ona qarşı digər müdaxilələrin, müəllimlərin göstərdiyi səylərin yaxşı nəticə verməsi çox çətin olur. Bu səbəbdən mütləqdir ki, ilk təməl düzgün qoyulsun. Təəssüflə deyə bilərəm ki, hələ də bunu anlamayan valideynlər var. Onlar öz məsuliyyətlərini başqalarının üzərinə atırlar. Uşaq günün çox hissəsini öz evində keçirir. O, hər hansısa təhsil müəssisəsində daha az zaman keçirir. Əgər ailədə lazımi qədər tərbiyə almırsa, milli-mənəvi dəyərlər ona aşılanmırsa, başqaları onu necə tərbiyə edə bilər? 
Düzdür, mənim fikrimcə, bu gün ailə və məktəbin rolu qənaətbəxş hesab olunur, lakin xırda da olsa bəzi çatışmazlıqları görmək mümkündür. Hər kəs bilməlidir ki, tərbiyə yalnız bir nəfərin üzərinə düşən vəzifə deyil, bununla həm ailə, həm məktəb, həm də ətraf mühit diqqətlə məşğul olmalıdır, necə ki, indi bu istiqamətdə ciddi işlər aparılır, dövlətin gənclərin inkişafı  üzərində müsbət mübarizəsi davam edir və hər zaman da edəcəkdir".

 

Aykido Şərq döyüş sənəti üzrə 1 DAN qara kəmər ustası, vətənpərvər mahnıların müəllif və ifaçısı, iqtisadi işlər üzrə fəlsəfə doktoru Rəşad İsmayıl bildirib ki, idmanın nəinki fiziki, mənəvi inkişafa da təsiri böyükdür:

"Məşhur ingilis filoloqu Ester Selsdon yazırdı :
"Yaxşı övladlar böyütmək istəyirsinizsə, onlara iki dəfə az pul xərcləyin və iki dəfə çox diqqət sərf edin". 
Sözsüz ki, uşaqlarda ilkin düşüncənin, xarakterin və tərbiyənin formalaşması ailədən başlayır. Bu, mənəvi inkişafın birinci mərhələsidir. Uşaqlar ailənin güzgüsüdür və istər-istəməz ailədə gördüklərini cəmiyyətə nümayiş etdirir, bununla da özü haqqında ilkin təəssürat yaradır və öz ətraf mühitini formalaşdırır. Həm fiziki, həm də mənəvi cəhətdən düzgün inkişaf yolu getmək istəyənlər üçün təhsil çox vacib əhəmiyyət daşıyır. Bir peşəyə yiyələnmək, istər musiqi, istər idman, istərsə də başqa bir sənət sahibi olmaq inkişafın şərti və təməlidir. 
Xatırlayıram, 2020-ci il ölkədə pandemiya başlayan zaman insanlar təcrid içərisində yaşayırdı, sağlamlığımızı qorumaq üçün evdən çölə saatlıq icazələrlə çıxırdıq. Həmin vaxtlarda mən icazə saatımı idmana sərf edirdim. Bu məni gümrah saxlayır, evə qapalı yaşadığımız üçün depresiyaya düşməkdən qoruyurdu. Çünki idman insanın bütün bədənini oyadır və idmanın belə bir incəliyi var ki, əgər sən hər hansısa bir məşq edirsənsə mütləq bütün fikrin orada olmalıdır, başqa heç nə düşünməməlisən. Əgər sənin fikrin başqa nəyəsə yönələrsə əzələ kütlənə düzgün ötürmə getməyəcək və əzələ zədələnəcək. Bu nə deməkdir ? Yəni sən idmanla məşğul olursansa, həmin dəqiqələr içində sən bütün neqativlərdən uzaq olursan, bir növ mənəvi təmizlik yaşayırsan".

Rəşad İsmayıl onu da qeyd edib ki, bu gün dövlətimizin idman sahəsinə göstərdiyi xüsusi qayğı nəticəsində uğurlu göstəricilər əldə edilir:

"Gəlin bu gün Azərbaycanda idmanın vəziyyətinə nəzər salaq. Nə qədər dünya çempionlarımız var. Bu bizim üçün fəxrdir. Onlar vətənə dönərkən sözsüz ki, cənab prezident İlham Əliyev tərəfindən müəyyən lazimi və layiqli mükafatlar alırlar. Bunu görən digər gənclər də həvəslənir və idmana can atmağa başlayırlar. Bu isə çox gözəl və çox sağlam bir göstəricidir.
Xatırlayıram, ulu öndər Heydər Əliyevin zamanında bir neçə olimpiya çempionlarımız oldu. Onlar vətənə döndükdən sonra Heydər Əliyev müxtəlif mükafatlarla onları təmin etdi. Daha sonra onların da öz tələbələri oldu, onlar da Azərbaycan gənclərini idmana yönəltməkdə səy göstərdilər. Sonradan bu ənənəni Azərbaycan Respublikasının prezidenti İlham Əliyev davam etdirdi. Bu gün Gənclər və İdman nazirliyi, saysız idman və məşq zalları var. Bu gün də Azərbaycanın dünya şöhrətli çempionları var. Bunlar hər biri dövlətin idmana və xüsusilə gənclərə göstərdiyi diqqətin nəticəsidir. İndi Azərbaycan bayrağı dünyanın müxtəlif ölkələrində dalğalanır. Bununla fəxr etməli, daha da irəli getmək üçün hər zaman mübarizə aparmalıyıq".

 

 

Fidan Əliyeva

6.3.19. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Xəbər xətti

6 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin