Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

15:01 - 16 Avqust 2024

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Dünyanı bürüyən sosial gərginliklər, dini qarşıdurmalar və müxtəlifliyə qarşı dözümsüzlük halları yaşadığımız dövrün aktual anlayışı olan tolerantlığı tez-tez gündəmə gətirir. Tolerantlıq artıq sadəcə müxtəlif xalqlar arasında münasibətlərin tənzimlənməsi deyil, dövlətlər səviyyəsində xüsusi siyasi kurs kimi tətbiq edilən bəşəri bir dəyərə çevrilib. Tarixi mövqedən yanaşdıqda, tolerantlıq anlayışının əvvəllər daha çox qarşılıqlı münasibətlərdə ehtiva olunduğunu, indi isə xüsusi qanunlarla tənzimləndiyini, müxtəlif təşkilatlar və qurumlar tərəfindən qəbul olunan sənədlərdə vacib müddəa kimi öz əksini tapdığını görərik.

Multikultural həyatı özünün yaşam tərzinə çevirmiş Azərbaycanda tolerant dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Ölkə vətəndaşlarının dinə münasibətlərindən asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində qanun qarşısında bərabərdirlər. Azərbaycanda mövcud olan etnik-milli müxtəliflik və multikulturalizm ölkəmizdəki mühitlə, sağlam münasibətlərlə tənzimlənən məsələlərdir. Həm yerli, həm də xarici ekspertlər dəfələrlə vurğulayıblar ki, Azərbaycanda millətlərarası münasibətlərin demokratik prinsiplər əsasında tənzimlənməsi, müasir dövrdə Azərbaycan Respublikasının millətlərarası münasibətlər siyasətinin məqsəd və vəzifələri, prinsipləri, əsas istiqamətləri, hüquqi bazası, müstəqil Azərbaycanın milli siyasəti azsaylı xalqların hüquq və mədəni irsinin qorunması sahəsinə böyük töhfədir.

Mövzu ilə bağlı Manset.az-a açıqlama verən Azərbaycan İlahiyyat İnstitutunun müəllimi,“Hacı Cavad” məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev bildirib ki, Azərbaycan xalqı tarix boyu öz kökünə və öz milli-mənəvi mədəniyyətinə bağlı olduğu üçün qarşılıqlı əlaqə ruhuna malik olmuşdur:

Əli Şərbətovun “Məşədi Dadaş” məscidinə təyinatı kifayət qədər uğurlu seçimdir - İbrahim Quliyev

"Bildiyimiz kimi, təmkin və ya dözümlülük, yaxud da səbr nümayiş etdirmək çətin vəziyyətlərdə insanın müqavimət göstərmə üsullarından biridir. Bir insan yaşadığı cəmiyyətdə müxtəlif dinin, millətin, bir sözlə fərqli mədəniyyətlərin nümayəndələri ilə bir arada yaşadığı halda hamıya qarşı xoş münasibət göstərməli, başqalarına qarşı əsəbi, aqressiv və ya digər mənfi üsullardan istifadə etməməlidir. Uca Allah Həzrət Peyğəmbərə (s) insanlarla xoş rəftar etməyi, ətrafdakılara qarşı xoş və mülayim olmağı əmr etmişdir: “Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah təvəkkül edənləri sevər!” (Ali-İmran surəsi, 159-cu ayə). Gördüyümüz kimi, digər dinlər və millətlərlə dostluq və dözümlülüyün zəruriliyi, fikir və əqidə sahəsində qeyri-zorakılıq Quran ayələrində, hədis mənbələrində öz əksini tapmış mühüm əxlaqi göstərişlərdən biridir. Buna görə də xalqımız həmişə həm dini və həm də milli-mənəvi mədəniyyətindən irəli gələn tolerantlıq və dözümlülük əxlaqına istinad edərək başqalarına qarşı xoşrəftar olmuşdur. Amma bəzi başqa xalqların tarixinə baxdığımız zaman dinc yanaşı yaşayışın və tolerantlığın olmaması həmin cəmiyyətlərdə mənfi xüsusiyyətlərin üzə çıxmasına, xaos və anarxiyanın baş qaldırmasına səbəb olmuşdur. Biz Azərbaycan xalqı isə öz kökümüzə, öz milli-mənəvi mədəniyyətimizə bağlı olduğumuz üçün qarşılıqlı əlaqə ruhuna malik olmuşuq.

Azərbaycanda millətlər və dinlərarası münasibətlərin daha yüksək səviyyədə inkişafı, dünyada yaşayan xalqların da bu amallara meyl göstərməsi arzuedilən haldır. Ölkəmizdə dini tolerantlıq, birgəyaşayış, xalqlar və mədəniyyətlərarası dialoqların formalaşdırılması istiqamətində uzun illərdir davamlı işlər görülür. Müasir müstəqil dövlətimizin banisi Ümummilli lider Heydər Əliyev “İslam sivilizasiyası Qafqazda” mövzusunda keçirilmiş Beynəlxalq simpoziumda demişdir: “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik.”

İbrahim Quliyev onu da qeyd edib ki, hər il Prezident İlham Əliyevin Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalaması dövlətin ayrı-ayrı dini icmalara ən böyük dövlət dəstəyidir:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunması da islam həmrəyliyinin möhkəmlənməsi işinə öz töhfəsini vermişdir. Azərbaycan Respublikası Konstitusiyasında azlıqların və etnik qrupların hüquqlarının tədqiqi göstərir ki, onların hüquqları müxtəlif yollarla qorunur. Ölkəmizdə müsəlman çoxluqla yanaşı, Azərbaycan vətəndaşlığına sahib olduqları üçün bütün dinlərin və millətlərin üzvü sayılan qeyri-müsəlman azlıqlar da vardır. Dövlətimizin siyasi sistemində dini azlıqlar hüquqi bərabərlikdən istifadə etmək üçün hökumətin dəstəyi ilə Konstitusiyada nəzərdə tutulan tədbirlər görülür.2003-cü il martın 9-da Bakıda yeni yəhudi sinaqoqunun açılış mərasimi olmuşdur. Bu sinaqoq Avropada ən böyük sinaqoqdur. Həmçinin 2003-cü ilin sentyabrından ölkəmizdə ilk yəhudi məktəbi fəaliyyət göstərir. Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndindəki apostol Yelisey məbədi bərpa edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” Alban-udi kilsəsinin rəsmi açılışı olmuşdur. 2020-ci ildə Nic qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən daha bir tarixi kilsə – Müqəddəs Məryəm Ana kilsəsi əsaslı şəkildə bərpa edilib istifadəyə verilmişdir. 2007-ci ilin fevral ayında Bakının mərkəzində Katolik kilsəsi ucaldılmışdır. 2008-ci il sentyabrın 26-da Heydər Əliyev Fondu ilə ölkəmizdəki Katolik icma arasında əməkdaşlıq Memorandumu imzalanmışdır".

Yəhudi icmaları da dövlətimizin diqqət və qayğısı ilə əhatə olunmuşdur. 2011-ci ildə Bakı şəhəri Dağ Yəhudiləri dini icması üçün yeni sinaqoq tikilib istifadəyə verilmişdir. Bununla yanaşı, Bakıda yaşayan yəhudi uşaqlar üçün Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən “Xabad-Or-Avner” Təhsil Mərkəzi inşa olunmuşdur. Hər il Prezident İlham Əliyevin Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalaması dövlətin ayrı-ayrı dini icmalara ən böyük dövlət dəstəyidir.

 

Fidan Əliyeva

6.3.15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb


Xəbər xətti

14 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin